Uşaqlara telefondan hücum edən gizli qüvvə – Onları necə qoruyaq?

Uşaqlara telefondan hücum edən gizli qüvvə –

Azərbaycanda rəqəmsallaşmanın sürətlənməsi ilə uşaqların internet və sosial şəbəkələrdən istifadəsi də artır. Mütəxəssislər hesab edirlər ki, rəqəmsal mühit uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, müxtəlif riskləri də özü ilə gətirir. Bu səbəbdən uşaqların onlayn təhlükəsizliyinin təmin olunması, onların zərərli məzmunlardan qorunması və sosial şəbəkələrdən istifadəyə nəzarət məsələləri aktuallığını qoruyur.

Bəs uşaqları rəqəmsal risklərdən qorumaq üçün hansı tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, sosial şəbəkələr azyaşlılar və yeniyetmələr üçün müəyyən təhlükələr yaradır:

“Bu məsələ ilə bağlı sosioloq və psixoloqların əksəriyyəti həmfikirdir. Sosial şəbəkələr bir sıra hallarda ciddi risk mənbəyinə çevrilə bilər. İlk növbədə, sosial şəbəkələr asılılıq yaradır. Burada əsas amillərdən biri ani mükafat mexanizmidir. Uşaq və ya yeniyetmə paylaşım etdikdən sonra aldığı bəyənmələr, hədiyyələr və rəylər vasitəsilə məmnunluq hissi keçirir və bu hissi təkrar yaşamaq üçün daha çox vaxtını sosial şəbəkələrdə keçirməyə başlayır. Nəticədə bu asılılıq onun diqqətini təhsildən və digər faydalı fəaliyyətlərdən yayındırır”.

Sosioloq bildirib ki, ikinci mühüm problem uşaqların real ünsiyyətdən uzaqlaşmasıdır:

“Canlı ünsiyyətin azalması nitq və söz ehtiyatının inkişafına mənfi təsir göstərir. Belə uşaqlar ünsiyyət qurmaqda çətinlik çəkir, daha tez aqressivləşir və müxtəlif situasiyalarda səbirli davranmaqda problemlər yaşayırlar. Bu isə gələcəkdə həm iş həyatında, həm də ailə münasibətlərində çətinliklər yaradır. Digər təhlükə isə kiberbulinq və ya onlayn zorakılıqdır. İnternet üzərindən yayılan təhqir, təzyiq və digər neqativ davranışlar uşaqların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər”.

Mail Yaqub bu təhlükələrin qarşısını almaq üçün nə etmək lazım olduğunu da açıqlayıb:

“Bu məsələdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər övladları ilə yaxın münasibət qurmalı, onların maraqlarını izləməli və qarşılaşdıqları risklər barədə açıq söhbətlər aparmalıdırlar. Əgər valideyn bu vəzifəni yerinə yetirməzsə, nə məktəb, nə də dövlət bu boşluğu tam doldura bilər. Dövlətin üzərinə düşən əsas vəzifə isə maarifləndirmə işlərinin gücləndirilməsidir. Dövlət televiziyalarında, eləcə də özəl media qurumlarında sosial şəbəkələrin riskləri və onlardan düzgün istifadə qaydaları barədə mütəmadi maarifləndirici verilişlər, müzakirələr və təlimatlar təşkil olunmalıdır. Valideyn nəzarəti və tərbiyəsi, eləcə də dövlətin təşəbbüsləri ilə bu istiqamətdə nəticə əldə etmək mümkündür”.

Mənbə: pravda.az