Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sosial şəbəkələrdə yanacaqdoldurma məntəqələrində benzinin az doldurulması ilə bağlı şikayətlərə münasibət bildirib.
Agentlikdən qeyd olunub ki, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qüvvədə olan hüquqi aktların tələblərinə əsasən, yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcmi və kütləsinin ölçmə vasitələrinin tipi təsdiq edilməli, həmçinin istismara verilənədək, eləcə də təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilməlidir.
“Ölçmə vasitələri üzrə müvafiq metroloji qayda və normalara riayət olunmasına dövlət metroloji nəzarətinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aid edilib. Bundan əlavə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yanacaqdoldurma obyektlərinin quraşdırılması və istismarı “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”na daxil edilib. Həmçinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Əlavə Şərtlər”in 31.6-cı bəndinə əsasən, fəaliyyət növü ilə əlaqədar ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə Agentliyin rəyi tələb olunur. Məlumat üçün bildirək ki, 2026-cı ilin 6 ayı ərzində Agentlik tərəfindən qanunvericilikdə müəyyən edilmiş tələblərə cavab verən 129 yanacaqdoldurma obyektinə rəy verilib.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, istehlakçıların malın miqdarı barədə düzgün məlumat almaq və müqaviləyə uyğun miqdarda mal əldə etmək hüququ vardır. Müvafiq sahədə nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılıb. Bununla belə, daxil olan vətəndaş müraciətləri əsasında Agentlik tərəfindən araşdırmalar aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Sosial şəbəkələrdə yayılan iddialarla bağlı bildiririk ki, konkret yanacaqdoldurma məntəqəsi ilə bağlı əsaslandırılmış məlumat və ya istehlakçı müraciəti daxil olduqda qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılacaq və pozuntu təsdiqini tapdığı halda müvafiq tədbirlər görüləcək. İnzibati Xətalar Məcəlləsində mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın ölçüsünə, çəkisinə və hesabına dair istehlakçıların aldadılmasına, eyni zamanda tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə ölçmələrin aparılmasına görə məsuliyyət nəzərdə tutulur. İstehlakçılar ölçmələrin düzgünlüyünə əmin olmaq üçün istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirildiyini təsdiq edən sənədləri tələb edə, eyni zamanda ölçmə qaydalarının və ya digər istehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilərlər. Agentliyə rəsmi internet səhifəsi https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif və elektron poçt ünvanı [email protected] vasitəsilə müraciət etmək mümkündür”, - məlumatda bildirilib.
Mənbə: pravda.az