ÜST-dən qorxunc xəbərdarlıq - Real vəziyyət daha ağırdır...

ÜST-dən qorxunc xəbərdarlıq -

Konqo Demokratik Respublikasında yayılan Ebola virusu ilə bağlı narahatlıq artır. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, rəsmi statistikadan daha çox insan virusa yoluxmuş ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, may ayında elan olunan epidemiyanın başlanğıcından bəri 2500-dən çox yoluxma halı qeydə alınıb. Virus səbəbindən 1000-dən çox insan həyatını itirib, 500-dən çox xəstə isə sağalıb.

Qebreyesusun sözlərinə görə, ölüm hallarının əksəriyyəti xəstəxanalarda deyil, yaşayış məntəqələrində baş verir. ÜST rəhbəri vurğulayıb ki, bölgədə davam edən silahlı toqquşmalar və təhlükəsizlik problemləri səbəbindən epidemiya ocaqlarına giriş məhdudlaşır. Bu səbəbdən də virusa yoluxanların real sayının rəsmi göstəricidən iki dəfədən də çox ola biləcəyi ehtimal edilir.

O qeyd edib ki, təmasda olmuş şəxslərin təxminən 80 faizini müəyyən etmək mümkün olsa da, bütün ərazilərə daxil olmaq, xəstələri vaxtında aşkarlamaq və tibbi briqadaları hər yerə çatdırmaq mümkün olmur. Buna görə də epidemiyanın yayılma sürəti görülən tədbirləri üstələyir.

Onun sözlərinə görə, hazırda əsas məqsəd İturi bölgəsində virusun yayılmasını azaltmaq və yeni yoluxmaların qeydə alındığı əyalətlərdə tibbi imkanları sürətlə genişləndirməkdir. Bunun üçün isə humanitar dəhlizin açılması və atəşkəsə nail olunması istiqamətində siyasi addımların atılması vacib hesab edilir.

ÜST baş direktoru sonda vurğulayıb ki, Konqo Demokratik Respublikası bu epidemiya ilə təkbaşına mübarizə apara bilməz. Ölkənin beynəlxalq dəstəyə və hər şeydən əvvəl sülhə ehtiyacı var.

Əsmətxanım Rzazadə


Mənbə: yenisabah.az