Çinin Quyçjou (Guizhou) əyalətində yaşayan Huang Dafa kəndini uzun illər davam edən su qıtlığından xilas etmək üçün başladığı layihə ilə dünya ictimaiyyətinin diqqətini cəlb edib. Kənd sakinlərinin əvvəlcə "dəli" adlandırdığı Dafa, 36 il davam edən əzmkarlıq nəticəsində dağların sinəsindən su kanalı çəkərək bölgənin taleyini dəyişib.
Huang Dafa 1950-ci illərin sonlarında dağ yamacında əl ilə kanal qazmağa başlasa da, mühəndislik biliklərinin olmaması səbəbindən layihə uğursuzluqla nəticələnib. Lakin o, ideyasından imtina etməyib.
53 yaşında su təsərrüfatı sahəsində təhsil alaraq hidravlik hesablamaları öyrənən Dafa, 1992-ci ildə dövlətin maliyyə dəstəyi və 200 nəfərlik komandanın köməyi ilə layihəni yenidən həyata keçirməyə başlayıb.
Kanalın ən çətin hissələri dik qayalıqların üzərində yerləşirdi. Bölgədə ağır texnika və partlayıcı vasitələrdən istifadə mümkün olmadığından işçilər dağların zirvəsindəki ağaclara bağladıqları kəndirlərlə uçurumlardan sallanaraq qayaları əl alətləri ilə yonublar.
Bu üsulla inşa edilən kanal mühəndislik baxımından qeyri-adi layihələrdən biri hesab olunur.
1995-ci ildə başa çatan Dafa kanalı ümumilikdə 9,4 kilometr uzunluğunda olub. Bunun 7,2 kilometri əsas xətt, 2,2 kilometri isə paylayıcı kanallardan ibarətdir.
Kanal istifadəyə verildikdən sonra Caowangba kəndi ilə birlikdə ümumilikdə dörd yaşayış məntəqəsi daimi su ilə təmin olunub. Əvvəllər quraq olan torpaqlar 48 hektarlıq suvarılan düyü sahələrinə çevrilib. Suyun kəndə çatdırılmasından sonra bölgəyə elektrik və avtomobil yolu da çəkilib.
Tamamilə əl əməyi ilə inşa edilən kanal istifadəyə verilməsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də bölgənin suya olan tələbatını ödəyir.
Huang Dafa gördüyü işə görə 2021-ci ildə Çinin ən yüksək dövlət təltiflərindən biri olan "1 İyul" medalı ilə mükafatlandırılıb. Onun hazırladığı tikinti modeli sonradan qonşu kəndlərdə həyata keçirilən su layihələri üçün də nümunə kimi istifadə olunub.
Mənbə: musavat.com