Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər.
Bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib.
Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusilə tetrasiklin və ftorxinolonların sorulmasını azalda bilər. Dəmir preparatları qəbul edənlər isə çay və qəhvədən uzaq durmalıdır. Bu içkilər dəmirin orqanizm tərəfindən mənimsənilməsini təxminən 60 faiz azalda bilər.
İvaşkov alkoqol və parasetamolun birlikdə qəbulunu da təhlükəli hesab edir. Bu kombinasiya qaraciyərə əlavə yük yaradır.
Həkim həmçinin bəzi dərmanlarla qidaların uyğunluğuna diqqət çəkib. Təzyiq dərmanları qəbul edənlər banan, xolesterini azaltmaq üçün statinlərdən istifadə edənlər isə qreypfrut qəbul edərkən ehtiyatlı olmalıdır. Banan bəzi preparatlarla birlikdə qanda kaliumun həddindən artıq artmasına, qreypfrut isə statinlərin parçalanmasının qarşısını alaraq onların qanda səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
İspanaq, cəfəri və brokoli kimi K vitamini ilə zəngin göyərtilər də qan durulaşdırıcı varfarinlə birlikdə ehtiyatla istifadə edilməlidir. K vitamininin çoxluğu preparatın təsirini zəiflədə bilər.
Həkim əksər dərmanları qəbul etmək üçün ən təhlükəsiz içkinin adi su olduğunu bildirib. Bununla belə, məhdudiyyətlər preparatdan asılı olduğundan dərmanı qəbul etməzdən əvvəl təlimatı oxumaq, həkim və ya əczaçı ilə məsləhətləşmək tövsiyə olunur.
Müəllif: Adəm
Mənbə: publika.az