Yağlarla zəngin, karbohidratlarla zəif olan ketogenik pəhrizin (keto pəhrizi) spirtli içkilərə meyli azalda biləcəyi müəyyənləşib. Bu pəhrizdə karbohidratların qəbulu ciddi şəkildə məhdudlaşdırılır, yağlar əsas enerji mənbəyinə çevrilir və orqanizmdə keton cisimlərinin səviyyəsi artır.
Bu nəticə "Neuropsychopharmacology" jurnalında dərc olunan yeni araşdırmada əldə edilib.
Tədqiqat zamanı siçovullar bir neçə həftə ərzində iki qrupda saxlanılıb. Bir qrup adi qida ilə, digər qrup isə ketogenik pəhrizlə bəslənib. Alkoqol qəbulundan sonra keto pəhrizi ilə qidalanan heyvanların qanında spirtin konsentrasiyasının daha yüksək olduğu müəyyənləşib.
Alimlər bunu qaraciyərdə "ADH1 fermentinin" səviyyəsinin azalması ilə əlaqələndiriblər. Sözügedən ferment etanolun parçalanmasında və onun asetaldehidə çevrilməsində mühüm rol oynayır. Fermentin azalması nəticəsində alkoqolun orqanizmdən xaric edilməsi yavaşlayıb.
Bununla yanaşı, heyvanların enerji mübadiləsində də dəyişiklik baş verib. Qanda qlükozanın səviyyəsi azalıb, ketonların miqdarı artıb, beyin isə enerji mənbəyi kimi qlükozadan daha az istifadə etməyə başlayıb.
Tədqiqatın ən diqqətçəkən nəticəsi isə spirtli içkilərə meyllə bağlı olub. Alkoqol asılılığı modeli yaradılan erkək siçovullar arasında ketogenik pəhrizlə qidalanan heyvanlar nəzarət qrupundakılardan daha az spirt qəbul ediblər. Dişi siçovullarda isə eyni təsir müşahidə olunmayıb.
Alimlərin fikrincə, ketoz vəziyyətində beynin enerji mübadiləsinin dəyişməsi alkoqola olan istək və istehlakın azalmasında rol oynaya bilər. Əvvəlki insan tədqiqatlarında da ketogenik pəhrizin alkoqol istəyi ilə bağlı müəyyən azalma yaratdığı müşahidə edilib.
Bununla belə, tədqiqat müəllifləri nəticələrin əsasən heyvanlar üzərində aparılan təcrübələrə söykəndiyini və onların birbaşa insanlara şamil edilə bilməyəcəyini vurğulayırlar.
Üstəlik, ketogenik pəhrizin alkoqolun parçalanmasını yavaşlatması təhlükə də yarada bilər. Eyni miqdarda spirt qəbul edildikdə qanda alkoqolun konsentrasiyası daha yüksək ola və nəticədə daha güclü sərxoşluq yarana bilər.
Adəm
Mənbə: publika.az