Son günlər kəskin boğaz ağrısı, davamlı iltihablı öskürək, qızdırma, halsızlıqla müşahidə edilən xəstəlik yayılıb. Demək olar ki, hər üç nəfərdən biri bu xəstəliyin daşıyıcısıdır: həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir.
Ənənəvi qrip simptomlarına bənzəsə də, sağalma müddətinə, təkrar qayıtmasına və sürətli yayılmasına görə əhali arasında narahatlıq yaradır. İşin qəribə tərəfi də odur ki, adi qripi illərin təcrübəsindən keçmiş “dədə-baba” qaydası ilə, yəni zoğal, moruq mürəbbəsi, küpə terapiyası, müxtəlif qrip önləyici ya da yüngülləşdirici toz dərmanlarla müalicə edə bilirdiksə, bu xəstəlikdə sözügedən əlacların heç biri effektiv nəticə vermir. Bir çox insanlar halsızlıq və yüksək qızdırmadan əziyyət çəkir, yandırıcı, bəlğəmli öskürəkdən xilas ola bilmirlər.
Bu xəstəlik köhnə “tanış” “Covid”in mutasiyaya uğramış yeni variantı ola bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya infeksionist Teymur Abbasov bildirdi ki, viruslar istənilən halda mövcuddur. Sadəcə ona münbit şərait, rütubət və immun çatışmazlığı kifayət edir ki, vüsət ala bilsin.
“Ümumyyətlə müşahidə olunan əlamətlər bütün respirator, tənəffüs yolları xəstəliklərində mövcuddur. Bəli, son günlər müraciətlər artıb. Amma ölkədə konkret olaraq ciddi bir epidemik vəziyyət yoxdur. Səhiyyə Nazirliyi bununla bağlı hər hansı xəbərdarlıq etməyib. Ümumiyyətlə payızın ilk aylarında belə respirator xəstəliklərin yayılması təəccüblü deyil, hər il təkrarlanır. Başqa mövsümlərdə qripin tez keçməsinə səbəb odur ki, insanlar mövsümünə görə geyinir və isti-soyuq dövriyyəsinə, qidalanmaya diqqət edir.
Sentyabrdan oktyabrın ortasınadək elə bir dövrdür ki, insanlar yay-qış geyimlərini növbələməli olurlar. Qışda dondurma yeyənə rast gəlməzsən, amma sentyabrda dondurma da yeyilir, kondisioner də işlədilir, axşam sərini nəzərə alınmadan yüngül paltarlar geyinilir. Bu da hər hansı bir virusla yanaşı, ciyərlərin də kəskin soyuqlayıb iltihablanmasına səbəb olur”.
Konkret virusa gəlincə, həkim bildirdi ki, bu metapneumovirus-a daha çox bənzəyir. Qrip əlamətləri daşıyan, tənəffüs yollarında infeksiyalara səbəb olan bir virus növüdür. Əsas fərqi yüksək hərarət, ağrılı, bəlğəmli öskürək və nəfəs darlığıdır.
Virusun yoluxma yolları digər respirator infeksiyalarla eynidir, əsasən hava-damcı yolu ilə keçir, öskürək və ya asqırma zamanı havada yayılır. Həmçinin, virusun daşıyıcısı ilə sıx təmasda olmaq da infeksiyaya səbəb ola bilər.
Nəzərə alsaq ki, bəzi xəstələrə antibiotik müalicəsi həssas orqanizminə görə uyğun görülmür, bəs onda bu xəstəliyin qarşısı necə alınmalıdır?
Həkim ümumiyyətlə antibiotiklərdən istifadə etməyi məsləhət görmür. Onun sözlərinə görə, bu, virus mənşəli xəstəlik olduğu üçün antibiotiklərdən istifadə edilməməlidir. Əgər xəstəlik ağır keçərsə antibiotiklər həkim nəzarəti altında olmaqla istifadə edilə bilər.
Şəfiqə Şəfa
Mənbə: bizim.media