Gürcüstanda azərbaycanlılarla bağlı mühüm addım - Nazir Faxralıya gəldi - FOTO, VİDEO

Gürcüstanda azərbaycanlılarla bağlı mühüm addım - Nazir Faxralıya gəldi - FOTO, VİDEO

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıların yaşadığı Talaveri (Faxralı) kəndində Arif Əliyev adına 1 saylı dövlət məktəbi üçün yeni bina inşa olunub.

Musavat.com Gürcüstanın “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, ölkənin təhsil, elm və gənclər naziri Givi Mikanadze yeni məktəb binasına baş çəkib.

Nazir məktəb rəhbərliyinin nümayəndələri və şagirdlərin valideynləri ilə görüşərək onları tikintinin başa çatması münasibətilə təbrik edib.

Məktəbin tikintisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu tərəfindən həyata keçirilib.

Tikinti və təmir işləri artıq yekunlaşıb. Hazırda nəzarətçi təşkilatın müəyyən etdiyi çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Müasir standartlara uyğun inşa edilən binada sinif otaqları, laboratoriya, kitabxana, kompüter otağı və yeməkxana yaradılıb.

Məktəbin həyətində süni örtüklü açıq idman meydançası salınıb. Bina xüsusi təhsil ehtiyacları olan şagirdlər üçün də uyğunlaşdırılıb.

Gürcüstanın “iRegions.ge” nəşrinin məlumatına görə, naziri səfərdə regional inkişaf və infrastruktur nazirinin müavini Mziya Giorgobiani, Kvemo Kartli bölgəsinin dövlət nümayəndəsi İlia Calağaniya, parlament deputatı David Şerazadişvili, Bolnisi meri Zamur Çitanava və digər rəsmi şəxslər müşayiət ediblər.

Mənbə: musavat.com