Qərbi Azərbaycanın silinən izləri: İnqala kəndinin tarixi

Qərbi Azərbaycanın silinən izləri: İnqala kəndinin tarixi

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistan ərazisində mövcudluğu sona çatmış İnqala kəndinin tarixi haqqında araşdırma hazırlanıb.

"Report" xəbər verir ki, Ermənistanda vaxtilə azərbaycanlıların yaşadıqları kənd çar Rusiyası və sovet dövrlərində müxtəlif cür adlandırılıb: çarizm dövründə İnqala, sovet dövründə isə İnqala, Kiçik Axis, Pokr Axis, Pokr Xaxis.

İnqala kəndi XIX əsrin sonlarına aid mənbələrdə qonşu Haxıs kəndindən olan bir qrup azərbaycanlının yeni saldığı yaşayış məntəqəsi kimi qeyd edilir. Sovet mənbələrində isə həm də Kiçik Axis adına rast gəlinir. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının İrəvan qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1916-cı ilə qədər müxtəlif vaxtlarda kənddə əhalisi yalnız azərbaycanlılardan ibarət olub və ya əsasən azərbaycanlılar yaşayıb: "1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na əsasən, 1886-cı ildə 113 nəfər; Z. Korkotyanın "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" əsərinə görə, 1897-ci ildə 124 nəfər; A.P. Manvelyan və G.M. Martirosyanın "1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi" əsərinə görə isə 1916-cı ildə kənddə əsasən azərbaycanlılardan ibarət 161 nəfər yaşayıb.

1918–1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında və digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib. Bu dövrdə İnqala kəndinin yerləşdiyi Vedibasar ərazisi daşnak diktaturasına qarşı türk müqavimətinin mərkəzlərindən birinə çevrilib. Erməni hökuməti dəfələrlə oraya qoşun göndərib ki, bu da 1919-cu ilin yayında kütləvi silahlı üsyana gətirib çıxarıb. Etnik təmizləmənin nəticələri kəndin dağıldığını göstərən 1922-ci il sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatlarında öz əksini tapıb.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra azərbaycanlı əhali kəndə qayıtmağa başlayıb. Sovet dövründə kənd əvvəlcə Vedi rayonunun, sonra isə Artaşat rayonunun tərkiblərində olub.

Erməni mənbələrinin məlumatlarına əsasən, 1940-cı illərin sonlarına – 1950-ci illərin əvvəllərinə qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar: Z. Korkotyanın məlumatına əsasən, 1926-cı ildə 30, 1931-ci ildə isə 33 nəfər azərbaycanlı qeydə alınıb. A.P. Manvelyan və G.M. Martirosyanın məlumatlarına görə isə 1939-cu ildə kənddə 124 nəfər yaşayıb.

1948–1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Erməni mənbəyinə əsasən, 1940–1950-ci illərdə sakinlərin deportasiyasından sonra kənd baxımsız qalıb və yaşayış məntəqəsi kimi mövcudluğu sona çatıb.

2021–2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün aparılan geniş sahə işləri zamanı kənddə bir neçə dağılmış məzar daşının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Mənbə: report.az