Sumqayıtda fəaliyyət göstərən Metaltexnologiya zavodu ətrafında ciddi hüquqi mübahisə yaranıb. Müəssisənin sahibi Çingiz Davudovla zavodu icarəyə götürən Hafiz Seyidov arasında icarə müqaviləsinin saxtalaşdırılması iddiası üzrə qarşıdurma məhkəmə müstəvisinə keçib. Tərəflər arasında yaranmış mübahisəyə Sumqayıt Kommersiya Məhkəməsində hakim İslam Əliyevin icraatında baxılır.
Musavat.com xəbər verir ki, Metaltexnologiya zavodunun Çingiz Davudova məxsus olduğu məlum olub.
Müəssisəni icarəyə götürən Hafiz Seyidovla zavod sahibi arasında müqavilənin şərtləri və müddəti ilə bağlı ciddi narazılıq yaranıb.
Çingiz Davudovun iddiasına görə, Hafiz Seyidov bacısı oğlu ilə razılaşaraq icarə müqaviləsinin qüvvədəolma müddətini qanunsuz şəkildə uzadıb.
Sahibkar həmçinin müqavilədə əvvəlcədən razılaşdırılmış şərtlərin onun xəbəri və razılığı olmadan dəyişdirildiyini bildirir.
Davudov hesab edir ki, icarə sənədində aparıldığı iddia edilən dəyişikliklər onun mülkiyyət hüquqlarına təhlükə yaradır. Məhz bu səbəbdən sahibkar məhkəməyə üz tutaraq mübahisənin hüquqi qaydada həllini tələb edib.
Hazırda iş Sumqayıt Kommersiya Məhkəməsində hakim İslam Əliyevin icraatındadır. Çingiz Davudov məhkəmənin araşdırma nəticəsində müqavilə ilə bağlı iddialara hüquqi qiymət verəcəyinə və qanun pozuntusu müəyyən edilərsə, onun aradan qaldırılacağına ümid etdiyini bildirir.
Sahibkar məhkəməyə müraciətində öz mövqeyinin müdafiə olunacağına əminliyini ifadə edərək, zavodun mümkün təhlükədən xilas ediləcəyini vurğulayıb.
“İnanıram ki, mənə qarşı törədildiyini düşündüyüm saxtakarlığın qarşısı məhkəmə tərəfindən alınacaq, qanunun aliliyi təmin ediləcək və mənə məxsus zavod təhlükədən qurtulacaq. Əminəm ki, hakim İslam Əliyev işə obyektiv və ədalətli yanaşacaq, müqavilə ətrafında yaradılmış saxtakarlıq aradan qaldırılacaq”, - deyə Çingiz Davudov bildirib.
Qeyd edək ki, Metaltexnologiya zavodu ilə bağlı məhkəmə çəkişməsinin nəticəsi tərəflər arasındakı icarə münasibətlərinin gələcək taleyinə və müəssisənin idarə olunmasına təsir göstərə bilər.
Sonda qeyd edək ki, yazıda adı keçənlərin mövqeyini dərc etməyə hazırıq.




Mənbə: www.musavat.com