Ruhi Əliyeva çağırış etdi - Narkomaniya və məişət zorakılığı halları niyə artır? - FOTOLAR

Ruhi Əliyeva çağırış etdi - Narkomaniya və məişət zorakılığı halları niyə artır? -

Bu gun "Holton" otelində "Liatris Holding" MMC-nin ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində həyata keçirdiyi "Qadına şiddətə son" layihəsi çərçivəsində "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbir keçirilib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ombusdman aparatının təşkilatçılığı ilə keçirilən tədbirdə "Litaris Holding" MMC-nin rəhbəri Ruhi Əliyeva, Ombusdman Səbinə Əliyeva, millət vəkilləri, rəsmi qurumların nümayəndələri, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlil sükutla yad edilib, Azədbaycan Dövlət Himni səsləndirilib.

Daha sonra "Liatris Holding" MMC-nin rəhbəri Ruhi Əliyeva çıxış edib. O, Azərbaycanda hələ də fiziki və mənəvi zorakılığa məruz qalan qadınların olduğunu deyib:

"Bu gün Azərbaycanda öz ayaqları üzərində duran güclü qadınlar var. Ancaq təəssüflər olsun ki, hələ də fiziki və mənəvi zorakılığa məruz qalan qadınlarımız az deyil. Hamınız bilirsiniz ki, hər il Azərbaycanda neçə-neçə qadın müxtəlif formalarda şiddətə məruz qalırlar. Zərif cinsin çox sayda nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər”.

Ruhi Əliyeva qeyd edib ki, bu gün keçirilən tədbirin Heydər Əliyevin 100 illiyinə təsadüf etməsi sevindirici haldır:

“Qadına ən böyük dəyəri Ümumilli liderimiz verib. Heydər Əliyev deyirdi ki, qadının vəzifəsi və məsuliyyəti ağırdır. Ancaq Azərbaycan qadını bu vəzifəni, öhdəsinə düşən məsuliyyəti layiqincə yerinə yetirir. Təəssüflər olsun ki, hələ də qadınlarımız fiziki və mənəvi şiddətə məruz qalır. Tədbirimizin də əsas məqsədi cəmiyyətə bu barədə maarifləndirici mesajlar ötürməkdir. Nə edək ki, qadın zorakılığa məruz qalmasın? Öncəliklə qadınlarımızın təhsili olmalıdır, öz hüquqlarını müdafiə etməyi bacarmalıdır”.

Sonra çıxış edən Ombudsman Səbinə Əliyeva problemin həlli istiqamətində görülən işlərdən, bu sahədə aidiyyəti qurumların məsuliyyətindən danıçıb.

Təəssüflə bildirib ki, görülən tədbirlərə baxmayaraq, çoxsaylı qadınlar gender əsaslı zorakılığa məruz qalırlar.

"Narkomaniya və zorakılığa qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir".

bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

Onun sözlərinə görə, 2022-2023- cü ilin statistikasına nəzər salanda azalma müşahidə edildilsə də, yenə də zorakılıq və narkomaniya qalır:

“Narkomaniya və zorakılıq təkcə bir ailənin deyil, cəmiyyətin problemidir. Bu problemlərlə mübarizə aparmaq üçün mübarizə proqramları təşkil etmək və birgə fəaliyyət göstərmək lazımdır. Mübarizə üçün mental sağlamlığı gücləndirmək lazımdır. Bu mübarizədə bütün təşkilatların və fərdlərin birgə çalışması vacibdir. Cəmiyyətimizi daha təhlükəsiz vəziyyətə gətirmək üçün çalışmalıyıq. Bu fəaliyyətdə vətəndaş dövlət həmrəyliyini qorumaq lazımdır”.

Kənan Zeynalovun sözlərinə görə, Baş Prokuroqluq bu mübarizədə əhəmiyyətli rola malikdir: “Hər bir həssas şəxsdən xahiş edilir ki, belə bir halla qarşılaşdıqları halda dövlət qurumlarıma çatdırılsın. Hər bir şəxsin sosial şəbəkə hesabı var və hər bir qurumun da sosial şəbəkə səhifəsi var. Heç bir ağır prosedurdan keçmədən vətəndaşları narahat edən məsələləri aidiyyatı qurumlara çatdıra bilərlər”.

Millət vəkili Fazil Mustafa bildirib ki, qadına qarşı zorakılıq təşkcə onların fiziki və ya psikoloji təzyiqə məruz qalması deyil: “Biz şərqdə ilk dəfə qadınlara seçki hüququ verdik - 1918-ci ildə. Bununla fəxr edirik. Amma hələ də ər seçmək hüququ vermirik. Biz hələ də onlara müstəqil təhsil almaq hüququ vermirik, ailəylə bağlı qərarlar qəbul etmək huququ vermirik. Bu problemin kökündə təhsil dayanır.

Qadınlarımızın təhsil hüququnu qoruya bilməsək, onların təhsil almağına kömək etməsək, neqativ hallar azalmayacaq”.

Narkomaniyaya qarşı mübarizənin gücləndirilməsinin vacibliyindən danışan millət vəkili qeyd edib ki, məktəblər də diqqətdən kənarda qalmamalıdır: "Narokmaniyanın əsas mənbəyi məktəblərdir".

Millət vəkili Ceyhun Məmmədov məktəblərdə Psixoloq çatışmalığına diqqət çəkib. Bildirim ki, 3 min, 5 min şagirdi olan məktəblərin bir psixoloqu var.Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində psixoloq sterotipi var:

"İnsanlar düşünür ki, mən xəstə deyiləm ki psixoloqa gedim. Ölkədə bu sterotipi qırmaq üçün maarifləndirmə aparmalıyıq".

Millət vəkili bu məsələlərdə medianın, xüsusilə televiziya kanallarının məsuliyyət daşıdığını bildirib:

"Bəzi televiziya proqramlarımız reytinq xatirinə ailədə olan problemləri efirə çıxarır, müzakirə edir. Biz ailə dəyərlərimizi qorumaq, böyüyə hörmət, qayınana - qayınataya hörmət məsələlərinə həssas yanaşmalıyıq. Bizim dəyərlərimiz var. Bu dəyərlər bizim kökümüzdür".

Millət vəkilinin sözlərinə görə, ziyalı şəxslərin sosial şəbəkədən aktiv istifadə etməsi lazımdır:

"Bəzən fikir səsləndirirlər ki, sosial şəbəkələr qadağan edilməlidir. Düşünmürəm ki, bu həll yolu olsun. Bu gün ziyalılarımız sosial şəbəkələrdən az istifadə edir, aktiv olmur. Ancaq sosial şəbəkələrin buna ehtiyacı var. Bu gün "TikTok"u açırsan Nəfəsi, Balaəlini görürsən. Düşünürəm ki, sosial şəbəkələrdə maarifləndirici paylaşımlar etməklə kontenti müsbətə yönəldə bilərik".

Ceyhun Məmmədov əlavə edib ki, maarifləndirmə prosesinə hər bir fərd, hər bir təşkilat öz töhvəsini verməlidir:

"Azərbaycanda 4 minə yaxın təşkilat var və bunlardan minə yaxını aktivdir. Bəziləri düşünür ki, bütün işləri dövlət görməlidir. Düşünürəm ki, bu prosesə hər bir fərd, hər bir təşkilat öz töhvəsini verməlidir. Bu günün gəncləri daha çox xaricdən təsirlənirlər. Gənclərin xaricə xüsusi axını var. Belə müzakirələr çox keçirilməldir ki, bu kimi proseslərin qarşısını alaq".

"Düşünürəm ki, Azərbaycanda gender bərabərsizliyi öz həllini tapıb".

Bu sözlər isə millət vəkili Jalə Əhmədova deyib.

Onun fikrincə, hazırda cəmiyyətdə - sosial şəbəkələrdə, təhsil müəssisələrində, hətta iş yerlərimizdə də aqresiya müşahidə edirik.

Jalə Əhmədova vurğulayıb ki, narkomaniya təkcə bir cəmiyyətin deyil, dünyanın problemidir:

"Bu təkcə hüquq mühafizə orqanlarının mübarizəsi deyil, hər bir fərdin mübarizəsi olmalıdır. Nəyimə lazımdır? Niyə müdaxilə edim? "Başqasının ailəsidir" yanaşması ilə yanaşsaq heç vaxt bu problemlərlə mübarizə apara bilməyəcəyik. Doğrudur, müdaxilə edəndə aqressiya ilə qarşılaşırıq. Ancaq bu problemlə cəmiyyət olaraq mübarizə aparmalıyıq. Hər birimiz düşünməliyik ki, bizim yaxınlarımız da buna məruz qala bilər. Düşünməliyik ki, biz bununla necə mübarizə aparaq? Daha nə edək? Etdiklərimiz yetərlidirmi? Mən arzu edərdim ki, heç bir ailədə neqativlərlə qarşılaşmayaq".

Bakupost.az saytının Baş redaktoru Elçin Zahiroğlu diqqəti ailələrin dağılmasına səbəb olan başqa bir problemə yönəldib. O bildirib ki, son dövrlər internet üzərindən yayılan mərc oyunları ciddi bəlaya çevrilib: "Narkomaniya ilə bağlı vəziyyətin bu həddə çatmasının bir səbəbi də vaxtında ciddi tədbirlərin görülməməsidir. İndi mərc oyunları narkotikdən də sürətli şəkildə yayılır. Xüsusən rayon yerlərində, əhalinin kasıb və işsiz təbəqəsinin meyl etdiyi bu oyunlar büyük cinayətlərə və insan faciələrinə yol açır. Xüsusən gənclər faizə pul götürüb bu oynularda uduzurlar, sonra da məcbur olub oğurluğa, narkotik daşımaçılığına və başqa cinayətlərə əl atırlar. Neçə-neçə ailələr bu məsələlərə görə dağılıb. Büyük borca düşən və çarəsiz vəziyyətlə üzləşən gənclər çıxış yolunu bəzən intihar etməkdə görürlər. Təəssüf ki, bu şəxslər arasında qazilərimiz də var".

Jurnalist aidiyyəti qurumların bu məsələlərə diqqət yetirməsini xahiş edib.

"Qadınların şiddət və zorakılığa məruz qalmaması üçün ali təhsilli olması məsələsinə toxunuruq. Ancaq kifayət qədər ali təhsilli olub zorakılığa məruz qalan qadınlar var. Ali təhsilli olmaq o demək deyil ki təhsilli qadınlar zorakılığa məruz qalmır. Ali təhsili olub şiddət göstərən də, şiddət görən insanlar da var".

Bunu Baş Prokurorluğun əməkdaşı Şəbnəm Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycanda qapalı tipli təlim-tərbiyə müəssisəsi olsa da, açıq tipli təlim-tərbiyə müəssisəsi yoxdur:

"Azərbaycanda olan qapalı tipli təlim-tərbiyə müəssisəsi 2012-ci ildə bağlanıb. Biz bundan sonra "küçə uşaqları"nın sayında artım gördük.

Şəbnəm Məmmədova narkotik maddələrdən asılığı olan ailələrdə uşaqların saxlanılmasının yolverilməz olduğunu bildirib:

"Narkoman ailələrdə uşaqların saxlanılması yol verilməzdir. Prokurorluq dəfələrlə iddia qaldıraraq həmin ailələrdən uşaqları alıb sosial müəssisələrə yerləşdirmişik. Valideynlərin hüquqlarını müvəqqəti olaraq məhdudlaşdırmışıq. Ancaq təssüf ki, Prokurorluğun səlahiyyətlərini məhdudlaşdırırblar. Prokurorluğun bu yöndə səlahiyyətinin artırılması Milli Məclisdə müzakirə edilsin".

Mənbə: www.bakupost.az