Oğuzda MARAQLI TƏŞƏBBÜS – Bu kənddə hər küçə bir dahinin adını daşıyır – REPORTAJ/FOTO

Oğuzda MARAQLI TƏŞƏBBÜS – Bu kənddə hər küçə bir dahinin adını daşıyır –

Rayonun ucqar Xaçmazqışlaq kəndinin məhəllə və döngələrində Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin, eləcə də Milli Qəhrəmanların tanıdıcı lövhələri quraşdırılıb. 

Bu təşəbbüs və ideya kənd ağsaqqalı Əbülfət Əsgərova məxsusdur və o, sakinlərin razılığını alandan sonra ideyanı həyata keçirib. 

İxtisasca iqtisadçı, hazırda isə təqadüddə olan Əbülfət müəllim sən demə doğulduğu kəndin bir çox abadlıq və infrasturuktur işlərində yaxından iştirak edib, onun rellaşmasında min-bir əziyyətə qatlaşıb.


 Kənd sakini Eyvaz İbrahimov bildirir ki, Əbülfət müəllim kəndin girəcəyində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin də ərsəyə gəlməsində müstəsna rol oynayıb. Belə ki, şəhidlər kompleksinin qarşısında qoşa bulaq da inşa ediblər. Bu abidəni ucaltmaqda məqsədləri gəncləri vətənpərvər ruhda böyütmək, tərbiyə etməklə yanaşı həm də nişanlanan, ailə həyatı quran gənclərin bu qoşa bulaqdan su içib əhd-peyman bağlamaları, bir-birinə sədaqətli olmalarıdır.  


Artıq bir müddətdir, kənddə ailə quran gənclər bu məkana gələrək şəhidləri anır, həm də qoşa bulaqdan su içərək gözəl bir ənənəni yaşadır.   

İndi isə gələk kənd ağsaqqalının hamı tərəfindən maraqla qarşılanan və diqqətinə səbəb olan işlərə... 

Bu yaşayış məntəqəsi ucqarda yerləşməsinə baxmayaraq, yolları səliqə-sahmanlı, infrasturukturu qənaətbəxşdir.  

Qeyd edək ki, kənd altı məhəllədən ibarətdir və ilk məhəlləyə Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin adı verilib. Əbülfət müəlim bununla bağlı danışarkən bildirir ki, ağsaqqallarla məşvərətdən sonra Qara Qarayevin adını ona görə kəndin girişində ilk məhəlləyə veriblər ki, musiqi olan yerdə sülh olar, əmin-amanlıq olar. 


“Kəndə gələn, daxil olan hər kəs bilsin ki, bu ucqar yaşayış məntəqəsində sülh və əmin-amanlıqdır” -deyə fikrini ifadə edir. 

Sonrakı məhəllələrə isə Azərbaycan Milli Qəhrəmanları Polad Həşimov və Mübariz İbrahimovun, şairlər Səməd Vurğun və Molla Pənah Vaqifin,  yaradıcılığı ilə dünya xəzinəsinə Xəmsə bəxş edən dahi Nizami Gəncəvinin adları verilib.  


Adlarını sadaladlığımız şəxslərin hər biri tarixən və dövrümüzdə Azərbaycanın tandılmasında mühüm rol oynamış, xidmət göstərmiş insanlardır. İndi isə bu adlar ucqar bir kəndin məhəllələrinin tanıdılmasına əslində isə gənc nəslin maarifləndirilməsinə xidmət edir.  


Kəndi gəzərkən, məktəbdən evə dönən şagirdlərlə elə Molla Pənah Vaqifin adını daşıyan məhəllənin girişində qarşılaşırıq. Fürsətdən istifadə edib məktəblilərə tanıdıcı lövhələrlə bağlı suallar ünvanlayırıq. Məlum olur ki, artıq xeyli müddətdir onlar təmsil olunduqları məhəllənin adını daşıyan şəxsiyyətlərlə bağlı məlumatlar toplayır və yeri gələndə dərsdə ya da elə məhəllədə intellektual oyunlar təşkil edirlər.     


Kənd sakini Eyvaz Süleymanov bildirir ki, bu ideyanın həyata keçirilməsi həm kənd üçün, həm də gənc nəsil üçün çox faydalı olub. Belə ki, kəndə qonaq gələndə hansı məhəlləyə gedəcəyini uşaqdan-böyüyə hamı ilk andaca təyin edir. Digər tərəfdən yeniyetmə və gənclər ədiblərimizi, qəhrəmanlarımızı tanımış olurlar.  



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

Mənbə: bizim.media