“Başkənd uğrunda şəhid olan milli qəhrəmanlarımız var” - Deputata cavab

“Başkənd uğrunda şəhid olan milli qəhrəmanlarımız var” - Deputata cavab

"Başkəndin ermənilərə verilməsini təklif etmək ciddi nöqsandır. Politoloq Rasim Musabəyov bunu unutmamalıdır. Əvvəla, Başkənd çox ciddi strateji mövqeyə malik qədim Azərbaycan torpağıdır. Bir sıra ərazilərimiz kimi Başkəndin də ermənilərlə məskunlaşdırılması və Ermənistana verilməsi sovet-bolşevik rejiminin diqtəsi ilə həyata keçirilmişdir".

Bu fikirləri açıqlamasında Milli Fikir və İnkişaf Mərkəzinin sədri Anar Turan bildirib.

O qeyd edib ki, Başkənd uğrunda Azərbaycanın Milli Qəhrəmanları Məzahir Rüstəmov, İskəndər Aznaurov və silahdaşları şəhid olub. Bunları bilə-bilə Başkəndin verilmə təklifini səsləndirmək Roma Papasından artıq katolik görünmə cəhdidir. Erməni siyasətçilərin özləri belə Başkəndin alınmasına hələ də ümid etmədiyi bir məqamda bunu səsləndirmək yanlışdır. Başkəndlə eksklavların müqayisəsi də uğursuzdur. Bura elə bir strateji nöqtədir ki, oranın alınması ilə biz ən azı 2 rayonun işğal təhlükəsinin qarşısını almışıq. Əgər bu ərazini İrəvana güzəştə getsək, yenidən Ermənistanın iki rayona nəzarətini legitimləşdirmiş olacağıq".

İctimai birlik sədri qeyd edib ki, bu gün Azərbaycan çox güclüdür, güclü milli ordusu var, üstəlik müharibədə qalib gəlib. Lakin heç kim Ermənistanın iddialarının bir daha baş qaldırmayacağına və müəyyən ölkələrdən dəstək alaraq yenidən ərazi iştahına düşməyəcəyinə zəmanət verə bilməz. Bu baxımdan, əgər mövzu strateji əhəmiyyətli ərazilərimizdən gedirsə, daha dərindən düşünmək və danışmaq lazımdır.

Mənbə: yenisabah.az