Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında 8 qapı - Ölünün dirildiyi Maştağadan REPORTAJ

Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında 8 qapı -

Qədim tarixə malik Bakının Maştağa kəndi Azərbaycanın adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürlərini qoruyub saxladığı ilə seçilir. Məşhur kənd həm də ziyarətgahları ilə məşhurdur. Bəs bu ziyarətgahların tarixçəsi nəyə dayanır? Bu yeri maraqlı, daha doğru desək sirli edən nədir?

Suallarımıza cavab tapmaq üçün Maştağa kəndinə yollandıq. Kəndə çatanda ilk görüşdüyümüz şəxs ağsaqqallara müraciət etməyimizi tövsiyə etdi. Onun məsləhətinə qulaq asıb, sakinlərin daha çox toplaşdıqları çayxanaya yollandıq.

Bizi xüsusi mehribanlıqla qarşılamaları ilkin olaraq sakinlərin qonaqpərvər olmalarından xəbər verir.

Kənd sakini Zakir Babayev deyir ki, Bakının 32 ən böyük kəndindən biri olan Maştağa ziyalıları, meyxanaçıları və ziyarətgahları ilə daha çox məşhurdur:

“Maştağa qədim ziyarətgahları olan “Aqil baba” və 8 qapı pirləri, yüzlərlə inanın üz tutduğu Çıldağı ilə tanınır. Bundan əlavə, kənd "Cümə" məscidinin minarəsinin daşlarından salınan “Kanal yolu” və Xonxar məhəlləsi də məşhurdur. Bizim də böyüklərimizdən eşitdiyimizə görə, hər birinin özünəməxsus tarixçəsi var”.

Onun sözlərinə görə, Maştağadakı sözügedən məşhur yerlərə təkcə Azərbaycanın rayonlarından deyil, xarici ölkələrdən də gələnlər var: “Xüsusən Çıldağa gələnlər çoxluq təşkil edir. Mən özüm də ehtiyac yarandıqca Çıldağa gedirəm. Qorxuluğu götürmək, ya hansısa bir narahatlığımız olanda oraya üz tuturuq. Əslində bu həm də tibbi bir prosedurdur, insan bədənində müəyyən nahiyələr var ki, ora Çıldağ etməklə yatmış sinirləri oyadırlar”.

Kənd ağsaqqallarından olan Əliəkbər kişi isə məşhur 8 qapı prindən bəhs edərkən deyir ki, ora əvvəllər 7 qapı adlandırılıb adı isə sonradan dəyişdirilib: “Əvvəllər 7 qapı idi, şəhərdən gələnlər indi oranı 8 qapı ediblər. Gələnlər niyyət edib, qapıları dolanırlar”.

8 qapı və “Aqil baba” pirlərinin axundu Hacıhüseyn Babazadənin sözlərinə görə, bura olduqca güclü bir pirdir, hətta bir dəfə ölü gətirilən 3 yaşlı uşaq buradan dirilərək ayrılıb: “Hazırda olduğumuz məkan Maştağa kəndinin müqəddəs ocaqlarından biridir. Bura şəfa və ziyarət niyyəti ilə gəlirlər. Bir dəfə bir uşağı gətirmişdilər. Ona sepsis diaqnozu qoyulmuşdu. Uşaq xəstəxanada dünyasını dəyişib, valideyni isə ümid yerini bu pir bilib, uşağı bura gətirmişdi. Mən onda minbərdə idim. Dedilər belə bir hal baş verib. Minbərdən çıxıb gəlincə gördüm hamı deyib gülür, dedilər bəs uşaq dirilib. Atası da uşağı aparıb”.

Maştağanın sirlər dünyasının daha bir müəmmalı ünvanı “Kanal yolu” adlanan ərazidir. Sakinlərin sözlərinə görə, Maştağadakı "Cümə" məscidindən sökülən minarənin daşlarından yol tikintisində istifadə olunub. Onlar deyir ki, həmin yolda qəzaların sayı-hesabı yoxdur. İnanclara görə, qəzaların baş vermə səbəbi isə yolun sökülən minarənin daşlarından çəkilməsidir.

Elm və texnologiyanın da inkişaf etdiyi bir vaxtda bu cür inancların olması nə qədər maraqlı, təəccüblü olsa da, insanlar bura ümidlə üz tuturlar. Bu məqamda bizə onların duasına "amin" deyib, buradaca çəkilişimizi yekunlaşdırmaq düşür.

Reportaj daha geniş versiyada videomaterialda:

Video: Vüqar Xanlarov

Montaj: Bəşir Əli

Mənbə: report.az