Fransa və Almaniyadan olan beynəlxalq alimlər qrupu şimpanzelərin dili ilə insan nitqi arasında gözlənilməz bir oxşarlıq kəşf ediblər. Məlum olub ki, insanlara genetik olaraq ən yaxın olan bu heyvanlar fərqli səsləri birləşdirərək onların mənasını dəyişə bilir, nsanların sözləri cümlələrə çevirdiyi kimi.
Bu mühüm elmi araşdırma Science Advances (SciAdv) jurnalında dərc olunub.
Alimlər Fil Dişi Sahilində yerləşən Tayi milli parkında yaşayan üç şimpanze qrupundan minlərlə səs yazısı toplayıblar. Təhlillər nəticəsində məlum olub ki, şimpanzelər 12 fərqli səs növünü 16 müxtəlif kombinasiyada istifadə edir və kontekstdən asılı olaraq bu səslərin mənası dəyişir.
Tədqiqatın müəlliflərindən biri olan Ketrin Krokford bu barədə belə deyib:
“İnsan dilinin əsas xüsusiyyətlərindən biri odur ki, elementləri birləşdirərək yeni mənalar yaradır. İndi görürük ki, şimpanzelərdə bu qabiliyyətin ilkin formaları mövcuddur.”
Şimpanzelər səs kombinasiyalarını üç əsas şəkildə istifadə edirlər:
Məna əlavə etmək — məsələn, “qidalanma” + “istirahət” səsləri birlikdə “istirahət zamanı yemək yemək” mənasını verir.
Məna dəqiqləşdirmək — “səfər” + “aqressiya” birlikdə “münaqişədən qaçmaq” mənası daşıyır.
Yeni məna yaratmaq — “istirahət” + “məxsusluq” səsləri birləşərək “yuva tikmək” anlamını ifadə edir.
Əvvəllər hesab olunurdu ki, meymunlar səsləri yalnız dar kontekstdə, məsələn, yırtıcı təhlükəsi zamanı birləşdirirlər. Lakin bu yeni araşdırma göstərdi ki, onların səs kombinasiyası çoxsaylı situasiyalarda – qida axtarışı, sosial ünsiyyət və digər hallarda da müşahidə olunur.
Bu kəşf uzun illər mövcud olan bir nəzəriyyəni şübhə altına alır: guya meymunların ünsiyyəti yalnız emosiyalarla məhdudlaşır və onlar mürəkkəb mənaları ifadə edə bilmir. Görünür, insan nitqinin başlanğıcı düşündüyümüzdən daha qədimdir və o başlanğıc bəlkə də meşənin dərinliklərində, şimpanzelərin səs çağırışlarında gizlənib.
İnsan danışığına gedən yol, görünür, meymunların pıçıltısından başlayıb.
Mənbə: bizim.media