Bu gün dünya ölkələri üçün prioritet əhəmiyyət kəsb edən məsələlərdən biri də təhsil səviyyəsinin davamlı yüksəldilməsi, daha savadlı cəmiyyətin mövcudluğuna nail olunmasıdır. Bu xüsusda təhsil proqramlarına getdikcə daha çox diqqət edilir.
Təhsil proqramı bir tərəfdən hazırlıq kursunun faktiki məzmunu, digər tərəfdən isə təhsilin məzmununu, yəni bilik, bacarıq, səriştələri, onun əhatə dairəsini və planlaşdırılan təlim nəticələrini müəyyən edən sənədləşmədir.
Proqramlar məzmunca zəngin olmalı, kompleks xarakter daşımalıdırUşaq bağçalarında, məktəblərdə, kolleclərdə, universitetlərdə və əlavə təhsil təşkilatlarında təhsil proqramları ilə əlaqəli hər şey qanunla tənzimlənir. Qanun təhsil proqramlarına tam olaraq nəyin daxil olduğunu izah edir. Təhsil proqramı tədris planı, təqvim kurikulumu, fənlərin, kursların iş şəklində təqdim olunan təhsilin əsas xüsusiyyətləri və təşkilati-pedaqoji şərtlər kompleksidir. Burada digər komponentlər, məsələn, qiymətləndirmə və metodik materiallar, təhsil işinin təqvim planı, sertifikatlaşdırma formaları da yer alır.
Bütün bunlara nəzər salanda məlum olur ki, təhsil proqramı təlimin nə qədər davam etdiyini, hansı fənlərin, kursların tədris edildiyini, təlimin bu və ya digər məzmun komponentinə neçə saat vaxt verildiyini, təlim üçün hansı materiallardan istifadə edildiyini təsvir edir. Təhsilin Beynəlxalq Standart Təsnifatında (ISCED) da təhsil proqramına xüsusi diqqət olunur. Orada təhsil proqramı müəyyən müddət ərzində əvvəlcədən müəyyən edilmiş təlim və ya konkret təhsil məqsədlərinə nail olmaq üçün planlaşdırılmış, təşkil edilmiş təhsil fəaliyyətinin və ya ünsiyyətin vahid kompleksi, ardıcıllığı kimi təsvir olunur. Təhsil proqramının ümumi xüsusiyyəti ondan ibarətdir ki, təlim məqsədlərinə çatdıqdan və ya təhsil tapşırıqlarını yerinə yetirdikdən sonra onun uğurla başa çatmasını təsdiq edən sənəd verilir. Hər bir təhsil səviyyəsi üçün - uşaq bağçasından tutmuş peşə hazırlığına qədər - müxtəlif növ təhsil proqramları mövcuddur. Burada ilk olaraq əsas təhsil proqramları gəlir. Bu kateqoriyaya, ilk növbədə, əsas ümumi təhsil proqramları - uşaq bağçalarında və məktəblərdə istifadə olunanlar daxildir. Yəni, məktəbəqədər, ibtidai ümumi, əsas ümumi və orta ümumi təhsil proqramları bura aid olunur. İkincisi, əsas peşə təhsil proqramları da bu qrupa aiddir. Onlar, öz növbəsində, daha iki növə bölünür: orta ixtisas təhsilinin təhsil proqramları - ixtisaslı işçilər, qulluqçular, orta səviyyəli mütəxəssislər üçün təlim proqramları; ali təhsilin təhsil proqramları - bakalavr, mütəxəssis, magistratura, aspirantura, rezidentura, assistent-stajyorluq proqramları. Üçüncüsü, əsas peşə hazırlığı proqramları - işçilərin peşələri və vəzifələri üzrə peşə hazırlığı proqramları və ixtisasartırma proqramlarıdır. Bunlarla yanaşı, əlavə təhsil proqramları da mövcuddur. Bu kateqoriyada əlavə ümumi təhsil proqramları yer alır, onlar iki növ ola bilər: Əlavə ümumi inkişaf proqramları - onlar uşaqlar və böyüklər üçün mövcuddur və texniki, təbiət elmləri, bədən tərbiyəsi və idman, incəsənət, turizm və yerli tarix, sosial-pedaqoji proqramları əhatə edir. İncəsənət, bədən tərbiyəsi və idman sahəsində əlavə peşəkar hazırlıq proqramları yalnız uşaqlar üçün həyata keçirilir. Buraya əlavə peşəkar proqramlar da daxildir. Onlar da iki növə bölünür: peşəkar inkişaf proqramları - öz peşəsi çərçivəsində təkmilləşənlər üçün; yeni peşə əldə etmək istəyənlər üçün peşəkar yenidən hazırlıq proqramları. Bu təhsil növü üçün dövlət standartları yoxdur, bu isə o deməkdir ki, metodistlər məzmunun layihələndirilməsində kifayət qədər yaradıcılıq nümayiş etdirə, bunun üçün müxtəlif modellərdən istifadə edə və pedaqoji tərtibat prinsiplərinə əsaslana bilərlər.
Təhsil proqramlarında müvafiq standartlar gözlənilməlidirTəhsil proqramlarının hazırlanmasında bu sahədə fəaliyyət göstərən qurumlar ön planda yer alırlar. Ancaq əslində, yuxarıda qeyd edildiyi kimi, çox şey hansı təhsil proqramlarının hazırlanmasından asılıdır. Onun əsas və ya əlavə olması mühüm şərtdir.
Fakt budur ki, əsas ümumi təhsil və peşə proqramları mütləq dövlət akkreditasiyasına ehtiyac duyur, əks halda təşkilat məzuna sertifikat və ya dövlət diplomu verə bilməyəcək. Başqa sözlə, məsələn, özəl məktəbdə, özəl kollecdə və ya özəl universitetdə hazırlanan proqramın nə qədər intellektual və yaradıcı olmasından asılı olmayaraq, onun dövlət akkreditasiyasına ehtiyacı var. Əks halda formal nöqteyi-nəzərdən belə hesab edilir ki, bu proqramın məzununun müvafiq səviyyədə əsası yoxdur. Proqramın dövlət akkreditasiyasını alması üçün o, dövlət təhsil standartlarına cavab verməlidir. İstənilən halda, bir təhsil proqramı, istər məsələn, məktəb fənni, istər universitetdə bakalavr proqramı, istərsə də bir növ onlayn kurs proqramı dövlət faktorunu nəzərə almalıdır. Əsas təhsil proqramlarına olan tələblər - onların strukturu, həyata keçirilməsi şərtləri və inkişaf nəticələri müvafiq dövlət təhsil standartlarında tərtib edilib. Standartların məqsədləri Azərbaycan təhsil məkanının birliyini təmin etmək, cəmiyyətin və dövlətin ixtisaslı kadrlara olan ehtiyaclarını nəzərə almaq, təhsilin keyfiyyətinə və onun davamlılığına zəmanət verməkdir. Bu o deməkdir ki, məsələn, ibtidai məktəb kurikulumunu oxuyan uşaq Azərbaycanın istənilən məktəbində beşinci sinfə keçməyə və növbəti təhsil mərhələsini mənimsəməyə hazır olmalıdır. Öz növbəsində, hər hansı kollec və ya universitetin məzunu təhsil aldığı konkret ixtisas üzrə işləmək üçün eyni əsas bilik və səriştələrə malik olmalıdır. Dövlət standartları məcburi bir hissəni, məsələn, müəyyən fənlərin öyrənilməsi üçün ciddi şəkildə müəyyən edilmiş saat sayı, təhsil müəssisəsinin özünün formalaşdırdığı hissəsini nəzərdə tutur. Məsələn, qabaqcıl elm təhsili olan məktəbdə təhsil proqramı tələb olunan minimumdan artıq biologiya, kimya və fizika dərslərini, eləcə də digər fənləri əhatə edə bilər. Beləliklə, təhsil proqramı konkret təhsil kursunun məzmunudur. Orada dəqiq nə yazılmalıdır? Hər bir proqramda ən azı inkişaf məqsədləri və planlaşdırılan nəticələri göstərilməli, onun tərkibində tədris planı, təqvim kurikulumu, fənlər, kurslar, üzrə iş proqramları, təşkilati-pedaqoji şərtlər, sertifikatlaşdırma formaları, qiymətləndirmə materialları olmalıdır. Daha ətraflı olaraq, dövlət təhsil standartlarının müəyyən edildiyi proqramların strukturuna dair tələblər nəzərə alınmalıdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.
Mənbə: www.baki-xeber.com