Qarabağdakı separatçıların sabiq “müdafiə naziri” Samvel Babayan qondarma qurumun rəhbərliyini siyasi bacarıqsızlıqda günahlandıraraq, indidən sonra ona “vəzifə” təklif edilsə belə, razılaşmayacağını deyib. Qeyd edək ki, bundan öncə S.Babayan qondarma rejimin “dövlət naziri” postuna iddiasını ortaya qoymuşdu.
“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatına açıqlama verən S.Babayan həm qondarma qurumun, həm də Ermənistan rəhbərliyinin ciddi səhvlərə yol verdiyini bildirərək, Azərbaycanın Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsi quraşdırmasının da bu səhvlərdən irəli gəldiyini söyləyib.
Babayan hesab edir ki, Xankəndindəki separatçılar vaxtında Bakı ilə danışıqlara getməli və qarşılıqlı etimad qazanmalı idilər. O, Qarabağdakı erməniləri və separatçı qurumun başında duranları nəzərdə tutaraq, deyib: “Əgər məhv olmaq yolu ilə getmək istəyirsinizsə, gedin. Bu, həm Azərbaycanla danışıqların olmaması, həm onunla qarşılıqlı etimadın yaradılmaması, həm sosial-iqtisadi problemlər, həm də yol problemi ilə bağlıdır... Siyasi qərar vermək lazımdır, amma siyasi qüvvələr bunu başa düşmürlər”.
Babayan Rusiyanın emissarı olan milyarder Ruben Vardanyanı nəzərdə tutaraq deyib: “Adam “artsax”-ın “dövlət naziri” vəzifəsi tutana qədər deyirdi ki, danışıqlara gedəcək. Ancaq türklər(Rəsmi Bakı-red.) dedilər ki, onunla danışmaq istəmirlər. Buna cavab olaraq o, dedi ki, türklərlə kim danışığa getsə, satqındır”. Bununla da Babayan Vardanyanı ifşa etmiş olub və onun Qarabağdakı gerçək “missiyasını” üzə çıxarıb.
Babayan deyib ki, ya Azərbaycanla danışıqlara gedib razılıq əldə etmək, ya da müharibəyə başlamaq lazımdır: “Əgər hamımız bir yerdə deyiriksə ki, danışıq aparmayacağıq, onda hərbi dəstələrə yazılaq və gedək vətən uğrunda ölməyə, görək kim gedəcək... Mən yaxşı bilirəm ki, Azərbaycanda nə deyirlər. Orada deyirlər ki, “artsax” hakimiyyətilə danışmayacaqlar və onları siyasi meyit hesab edirlər. Mən “artsax”a gələndə dedim ki, Azərbaycanla qarşılıqlı etimadı nəzərdə tutan vahid təkliflər paketi hazırlamaq və Bakı razılaşsa, onunla danışıqlara başlamaq lazımdır. Ancaq biz bunu etmədik və müxtəlif metodlara əl atdıq. Azərbaycan da bundan sonra nəzarət-buraxılış məntəqəsini quraşdırdı”.
C.Məmmədov
“AzPolitika.info”
Mənbə: azpolitika.info