Ermənilərin ÜÇ YOL seçimi: “Onların “mübarizə, müharibə, döyüş” istəklərinin səbəbi...”

Ermənilərin ÜÇ YOL seçimi: “Onların “mübarizə, müharibə, döyüş” istəklərinin səbəbi...”

“Daha yüngül olan ilk iki variantı seçmirlərsə, Azərbaycan lazım gələn addımları atacaq. Döyüşmək, mübarizə aparmaq istəyirlərsə, buyursunlar”.

Bu fikirləri Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılmasından sonra artan təxribatların mümkün məqsədləri barədə danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib. Ekspertin sözlərinə görə, Ermənistan vəziyyətin gərginləşməsi fonunda bölgəyə beynəlxalq missiyanı cəlb etmək istəyir:

“Separatçı rejim onlara göstərilən yol xəritəsi üzərindən seçim etməlidir. Seçim etmək üçün isə qarşılarında üç variant var: Ya inteqrasiya olmaq, ya ərazimizdən çıxıb getmək, ya da Azərbaycanı antiterror əməliyyatlarınının keçirilməsinə məcbur etmək.

Əgər birinci seçimi etsələr, Azərbaycanda məskunlaşan hər bir millət kimi eyni hüquqlarla yaşayacaqlar. Onların təhlükəsizliyi təmin ediləcək, yaşamaları üçün hər bir şərait yaradılacaq. İkinci variantla ərazilərimizdən çıxıb gedə bilərlər. Amerikada, Rusiyada, yaxud digər ölkələrdə həmvətənləri kimi yaşaya bilərlər. Üçüncü variantı seçməklə isə Azərbaycanı antiterror əməliyyatlarına məcbur edəcəklər.

Daha yüngül olan ilk iki variantı seçmirlərsə, Azərbaycan lazım gələn addımları atacaq. Döyüşmək, mübarizə aparmaq istəyirlərsə, buyursunlar. Ancaq Azərbaycanı özlərinə qarşı sərt gücün tətbiqinə məcbur etməklə yaxşı nəyəsə nail olmayacaqlarını unutmasınlar. Sadə erməni əhali bir müddət sonra Azərbaycana inteqrasiya ola bilər. Əlisilahlı terrorçu birləşmələr isə təxribatçı fəaliyyətdən əl çəkməsələr, Azərbaycanın antiterror əməliyyatı ilə qarşı-qarşıya qalacaqlar.

Separatçı rejimi rus sülhməramlı kontingenti: “Biz buradayıq, Azərbaycan antiterror əməliyyatı keçirə bilməz”, – deyərək cəsarətləndirir. Onların hazırda “mübarizə, müharibə, döyüş” istəklərinin səbəbi məhz budur. Konflikt yaratmaq isə yalnız və yalnız Rusiyaya sərf edir. Çünki Rusiya Cənubi Qafqazda mövcudluğunu qoruyub saxlamaq istəyir. Yaranan münaqişədən “biz burda olmasaq, azərbaycanlılarla ermənilər yola gedə bilmirlər” bəhanəsilə istifadə edəcəklər.

Münaqişənin gərginləşməsi həm də Ermənistana sərf edir. Daha doğrusu, münaqişəni gərginləşdirmək üçün plan cızılıb. Ermənistan vəziyyətin gərginləşməsi üzərindən bölgəyə beynəlxalq missiyanı cəlb etmək istəyir. Revanşist bəyanatlar verərək Azərbaycanı sərt gücə təhrik etməsinin səbəbi məhz budur. Beləliklə, gərginlikdən üçüncü qüvvəyə ehtiyac olduğu fikrini foralaşdıraraq bundan etməyə çalışır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

Mənbə: yenicag.az