Təhlükə mənbəyi olan adrenalinli ƏYLƏNCƏLƏR: Attraksionlar nə dərəcədə güvənlidir?

Təhlükə mənbəyi olan adrenalinli ƏYLƏNCƏLƏR: Attraksionlar nə dərəcədə güvənlidir?

“İnsanlarımıza attraksionlardan istifadə etmə qaydaları düzgün izah edilmir və cəmiyyətdə bu mədəniyyət az formalaşıb”.

Bu sözləri Xırdalanda qadının attraksiondan yıxılaraq ölməsi fonunda parklarda əyləncə qurğularının təhlükəsizliyi ilə bağlı məsələyə münasibət bildirən yazıçı-kulturoloq Aydın Xan Əbilov Yenicag.az-a açıqlamasında qeyd edib.Aydın Xan qeyd edəb ki, parklarda təhlükəsizliyə nəzarət edən insanlar öz işini bilən şəxslər olmalıdırlar ki, problem yaşanmasın:

“21-ci əsri hədər yerə xidmət sahələri dövrü adlandırmırlar. Müasir dövrdə xidmət sahələrinin, xüsusən əyləncə, turizm sahələrinin inkişaf etməsinin şahidi oluruq. Azərbaycanda bu sahələr yeni-yeni formalaşsa da, istənilən səviyyədə deyil. İlk növbədə, regionlarda olan attraksion və əyləncə mərkəzlərinin, demək olar, doxsan faizi köhnəlib və yararsız hala gəlib. Yeni attraksionları quraşdıran subyektlər turizm şirkətləri, əyləncə mərkəzləri və digər təsisatlardır, dövlət tərəfindən idarə edilmir. Onlar da həmin qurğuların keyfiyyətinə çox da əhəmiyyət vermirlər.

Köhnə attraksionlara nəzarət məsələsinə gəldikdə, bildiyimə görə, əvvəllər bununla bağlı xüsusi dövlət qurumları fəaliyyət göstərirdi. Həmçinin polis orqanları tərəfindən qismən də olsa, nəzarət tədbirləri tətbiq edilirdi. Hazırda bu nəzarətin hansı qurumun həyata keçirməsini dəqiq deyə bilmirəm. Fikirləşirəm ki, bu nəzarət işlərini FHN-lə birgə əməyin təhlükəsizliyi ilə bağlı aidiyyəti qurumlar həyata keçirsə, daha düzgün olar. Nə üçün əməyin təhlükəsizliyi ilə bağlı qurumlar? Çünki həmin sahədə çalışan insanların özləri də bu cür təhlükəli sahənin mütəxəssisləri olmalıdırlar.

Artıq parklarda quraşdırılan köhnə attraksion qurğuları sıradan çıxmaq üzrədir. Həmçinin köhnələrlə yanaşı, yeni avadanlıqlar da təhlükəsizlik tələblərinə yetəri qədər cavab vermir. Ən əsası, bizim insanlarımız uşaqlar üçün nəzərdə tutulan qurğulardan böyüklərin istifadə etməsinə normal hal kimi baxırlar. Halbuki sözügedən avadanlıqlar da müəyyən edilmiş çəki dərəcəsinə qədər yükgötürməyə malikdir. Bu kimi hallar təkrarən yaşandıqda problemlər yarana bilir.

Qeyd etmək lazımdır ki, insanlarımıza attraksionlardan istifadə etmə qaydaları düzgün izah edilmir və cəmiyyətdə bu mədəniyyət az formalaşııb. İnsanlar parklara əylənməkdən daha çox, özlərini kiməsə göstərmək məqsədilə üz tuturlar. Bu zaman yaşanan qeyri-etik davranışlar və xoşagəlməz məqamlar faciəvi hadisələrlə sonlana bilir. Parklarda təhlükəsizliyə nəzarət edən insanlar öz işini bilən şəxslər olmalıdırlar ki, problemli nüanslar yaşanmasın. Sonuncu hadisənin baş verməsi günahın kimdə olmasından asılı olmayaraq, digər zəncirvari hadisələrə, o cümlədən uşağın psixoloji durumuna təsir etmiş oldu. Buna görə də bu cür halların yaşanmaması üçün aidiyyəti qurumlar qeyd olunan məsələlərə çox ciddi nəzarət etməlidir”.

Yusif Səmədzadə

www.yenicag.az

Mənbə: yenicag.az