Jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Binəqədi Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.
Qərara görə, onun barəsində iyulun 30-a qədər həbs qətimkan tədbiri seçilib.
Azel TV internet kanalının yaradıcısı Əfqan Sadıqov barəsində Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Əfqan Sadıqov Neftçala rayonu Kürkənd kənd icra nümayəndəsinin müavini Əliyev Səttar Azər oğlu, Neftçala rayonunun Xəzərkənd kəndinin bələdiyyəsinin sədri Fətulla Muradov və Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanovdan şantaj yolu ilə pul tələb etməkdə ittiham edilir.
Qeyd edək ki, Əfqan Sadıqov bu ilin aprelində Gürcüstandan Azərbaycana deportasiya olunub.
Xatırladaq ki, Sadıqov 2022-ci ildə əfv sərəncamı ilə həbsdən azad olunub.
O, 2021-ci ildə azadlıqdan məhrum edilmişdi.
İddiaya əsasən Əfqan Sadıqovun Neftçala rayonu Kürkənd kənd icra nümayəndəsinin müavini Əliyev Səttar Azər oğlundan və Neftçala rayonunun Xəzərkənd kəndinin bələdiyyə başçısı Fətulla Muradovdan şantaj yolu ilə pul tələb edib. Sonradan bu cinayət işinə digər zərərçəkən, hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru işləyən Elnur Azadxanov əlavə edilib.
Mənbə: publika.az