Bakı Apellyasiya Məhkəməsi, azərbaycanlı milyarderdən rüşvət tələb etməkdə ittiham olunan Fransanın "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın barəsindəki hökmü dəyişdirib.
Məhkəmənin qərarı ilə onun 12 illik həbs cəzası 9 ilə qədər azaldılıb.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Anass Derraz və Fransa Prezidenti Emmanuel Makronun keçmiş şəxsi mühafizə xidmətinin rəhbəri Aleksandr Benalla, azərbaycanlı milyarder Fərhad Əhmədova qarşı fırıldaqçılıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və külli miqdarda rüşvət almaqda ittiham olunurlar:
Təqsirləndirilən şəxslər Fərhad Əhmədovun Londondakı boşanma məhkəməsi səbəbindən Dubayda həbs olunmuş 500 milyon dollarlıq "Luna" adlı lüks yaxtasını beynəlxalq əlaqələrindən istifadə edərək həbsdən azad edəcəklərini və milyarderi sanksiyalardan qoruyacaqlarını vəd ediblər.
Tərəflər arasında ümumilikdə 6 milyon 140 min dollar rüşvət qarşılığında müqavilə imzalanıb. Qaydalara görə, pulun bir hissəsi qabaqcadan ödənilməli idi.
Avans ödənilib, vəd yerinə yetirilməyib: Fərhad Əhmədov öz şəxsi isveçrə bank hesabından Aleksandr Benallanın hesabına 400 min dollar, Anass Derrazın hesabına isə 200 min dollar olmaqla ümumilikdə 600 min dollar avans köçürüb. Lüks yaxta sərbəst buraxılmasa da, fransalı tərəfdaşlar "müqavilə şərtlərini" əsas gətirərək pulu geri qaytarmaqdan imtina ediblər.
Məhkəmədə zərərçəkmiş qismində ifadə verən milyarder Fərhad Əhmədov, fransalı şəxslərin onun etibarından sui-istifadə etdiyini, işin arxasında dələduzluq və aldatma dayandığını bildirib.
Qeyd edək ki, işin digər əsas fiqurantı olan Fransa prezidentinin sabiq təhlükəsizlik rəhbəri Aleksandr Benalla isə Azərbaycanda aparılan bu cinayət işi çərçivəsində İnterpol xətti ilə beynəlxalq axtarışa verilib (Qırmızı bülletenlə). (Minval.az)
Mənbə: bizim.media