Qubada gənc qız telefonla oynadığına görə döyüldü

Qubada gənc qız telefonla oynadığına görə döyüldü

Qubada ailə münaqişəsi zəminində övladına şiddət tətbiq edən şəxs hakim qarşısına çıxarılıb.

Hadisə rayon kəndlərindən birində qeydə alınıb. Evdə yaşanan ailədaxili mübahisə zamanı 1980-ci il təvəllüdlü Rahid qızı Zamirəyə xəsarətlər yetirib. İttiham aktına əsasən, üç uşaq atası olan şəxs münaqişə zamanı odun parçası vasitəsilə qızının bədəninin fərqli nahiyələrinə zərbələr endirib. Faktla bağlı Rahidə qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə iclasında ifadə verən Rahid törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib. O, hadisə günü qızının davamlı şəkildə telefonla məşğul olduğunu və xəbərdarlıqlara məhəl qoymadığını iddia edib. Mübahisənin bu səbəbdən yarandığını deyən ata qızına yalnız şillə vurduğunu önə sürüb.

Zərərçəkmiş qız da ifadəsində atasının ona şillə vurduğunu təsdiqləyib. Bununla belə, Zamirə artıq atası ilə barışdığını və hər hansı şikayətinin olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Quba Rayon Məhkəməsi tərəflərin qarşılıqlı barışmasını və zərərçəmiş şəxsin şikayətini geri götürməsini əsas gətirərək cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarıb. Beləliklə, təqsirləndirilən şəxs qanunvericiliyin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Mənbə: demokrat.az