“Melissa Park”da yerləşən “Melissa” marketdə alıcılara kiflənmiş balıq satıldığı iddia olunur.
Bununla bağlı görüntülər bir vətəndaş tərəfindən sosial şəbəkələrdə yayılıb.
Vətəndaş iddia edib ki, “Melissa”marketdən aldığı hisə verilmiş balıq məhsulundan kəskin kif qoxusu gəlib:
“Balığa iydən yaxın durmaq olmur. İnsan övladı bunu yeyər?”, - deyə o bildirib.
Məsələ ilə bağlı qida eksperti İlkin Şirinov bildirib ki, məhsulların saxlanma şəraitinə düzgün əməl edilmədikdə onlarda xoşagəlməz qoxular yarana bilər. Onun sözlərinə görə, videodan görünən məhsul hisə verilmiş balıq olduğuna görə xüsusi saxlanma rejimi tələb edir:

“Lakin temperatur rejimi pozulduqda zəhərlənmə halları baş verə bilər. Balıq riskli məhsullar qrupuna aiddir və onun saxlanma şəraiti, təzəliyi əsas amillərdir. May ayından etibarən balıqların kürüləmə dövrü ilə bağlı məhdudiyyətlər olur və bu dövrdə ovlanma və satışla bağlı qadağalar tətbiq edilir. Hisə verilmiş balıqlar isə ilboyu satışda olur. Lakin bu məhsullar insanların sıx toplaşdığı yerlərdə - metro çıxışlarında, dayanacaqlarda, soyuducu şərait və soyuq zəncirə əməl olunmadan satıldıqda məhsulun keyfiyyəti dəyişir. Bu isə insan sağlamlığı üçün ciddi risk yarada bilər. Hətta insanın həyatını itirməsi ilə də nəticələnə bilər”.
Lalə, BakuPost
Mənbə: www.bakupost.az