Şimali İrlandiyanın paytaxtı Belfastda iyunun 9-u axşam saatlarında miqrantlara qarşı kütləvi etiraz aksiyaları başlayıb.
Buna səbəb sosial şəbəkələrdə yayılan bıçaqlı hücum görüntüləri olub. Kadrlarda şübhəlinin yerli sakinə ardıcıl bıçaq zərbələri endirdiyi əks olunub.
Polisin məlumatına görə, hücumu törətməkdə şübhəli bilinən şəxs Sudandan olan 30 yaşlı qaçqındır. Ona qarşı qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Ağır yaralanan zərərçəkən xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisənin terror aktı kimi qiymətləndirilmədiyini bildirib.
Kütləvi aksiyalara çağırışı sağçı fəal Tommi Robinson edib. Bundan sonra yüzlərlə etirazçı Belfast küçələrinə axışıb.
İğtişaşlar zamanı avtobus, avtomobillər və zibil konteynerləri yandırılıb. Əsas magistral bağlanıb və nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Şimali İrlandiya polisi sakinləri sakitliyə çağırıb.
Böyük Britaniyanın Baş naziri Kir Starmer hücumu "dəhşətli hadisə" adlandırıb. Şimali İrlandiyanın beş ən böyük siyasi partiyasının liderləri isə iğtişaşların dayandırılmasına və hüquq-mühafizə orqanlarının araşdırmanı maneəsiz aparmasına çağırıblar.
Bildirilib ki, şübhəli şəxs 2023-cü ildən Böyük Britaniya ərazisində qanuni əsaslarla yaşayır.
Adəm
Mənbə: publika.az