İngiltərənin Kembric şəhəri yaxınlığındakı zooparkda 3 yaşlı uşağın timsah qəfəsinə düşməsi ilə nəticələnən hadisə ilə bağlı 30 yaşlı kişi saxlanılıb.
Xarici KİV-in məlumatına istinadla xəbər verilir ki, hadisə "Johnsons Zoo" zooparkında baş verib. Polisə günorta saatlarında 3 yaşlı uşağın timsah qəfəsinə düşməsi barədə məlumat daxil olub.
Uşaq təcili olaraq Kembricdəki Addenbrooke xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır, lakin stabil olduğu bildirilir.
Hadisə ilə bağlı 30 yaşlı şəxs qəsdən adam öldürməyə cəhd şübhəsi ilə saxlanılıb.
İstintaqa rəhbərlik edən detektiv inspektor Verity MakKann bildirib ki, ilkin araşdırmalara əsasən, saxlanılan şəxslə uşaq arasında hər hansı tanışlıq olmayıb.
Qeyd edək ki, "Johnsons Zoo"da şirlər, pələnglər, tənbəl ayılar, kapibaralar, surikatlar və timsahlar da daxil olmaqla 100-dən çox heyvan saxlanılır.


Xədicə Paşayeva
Mənbə: bizim.media