ABŞ-yə milyardlarla dollar ziyan vuran iranlı haker həbs olundu

ABŞ-yə milyardlarla dollar ziyan vuran iranlı haker həbs olundu

İnterpolun Monteneqro bölməsi və ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) birgə əməliyyatla Kotor şəhərində 39 yaşlı İran və Türkiyə vətəndaşını həbs edib. O, ABŞ infrastrukturuna haker hücumları təşkil edərək 3.4 milyard dollar məbləğində zərər yetirməkdə günahlandırılır.

Məlumatı Monteneqro Polis İdarəsinə istinadən yerli "Vijesti" portalı dərc edib.

Nəşrin məlumatına əsasən, cümə axşamı Monteneqro hüquq-mühafizə orqanları ABŞ və FTB-dən daxil olan birbaşa həbs tələbini icra edərək, kibercinayət və mütəşəkkil cinayətkarlıqla bağlı səs-küylü işlərdə beynəlxalq axtarışda olan 39 yaşlı şəxsi ələ keçirib.

Polis idarəsindən bildirilib ki, şübhəli şəxs 2013-cü ildən etibarən İranda fəaliyyət göstərən hüquqi şəxslə əlbir olaraq ABŞ infrastrukturuna qarşı kütləvi haker hücumları həyata keçirib. İstintaqın versiyasına əsasən, o, 150-dən çox Amerika universitetinə kiberhücum edərək 3.4 milyard dollardan artıq maddi zərərə səbəb olub. Rəsmi bəyanatda vurğulanır ki, oğurlanan məlumatlar SEPAH və İrandakı təhsil müəssisələri də daxil olmaqla, müxtəlif iranlı istifadəçilərin mənafeləri üçün istifadə edilib.

Məhkəmə araşdırmalarının yekunlarına əsasən, saxlanılan şəxsin ABŞ-nin müvafiq qurumlarına ekstradisiya edilməsi nəzərdə tutulur. Portal həmin cinayətkarın SEPAH qruplaşmasının üzvü olduğunu iddia etsə də, məqalədə bu barədə heç bir konkret sübut təqdim olunmayıb.

Mənbə: oxu.az