Aktyor İlkin Həsəni dövlət rəmzlərinin müxtəlif məişət əşyaları və kommersiya məhsulları üzərində istifadəsinə etiraz edib. O, sosial şəbəkədə paylaşdığı fikirlərində dövlət rəmzlərinin suvenir və ya dizayn elementi olmadığını vurğulayaraq, bu sahədə nəzarətin gücləndirilməsinin vacibliyini bildirib.
Bu yanaşma doğrudurmu? Gerb, bayraq müqəddəsdir, toxunulmazdır deyirik. Onlardan bu şəkildə istifadə etmək olar? Dövlət atributu hansılardır?
Deputat Samir Vəliyev deyib ki, məsələ kifayət qədər həssasdır.
O bildirib ki, dövlət bayrağı, gerbi və himni adi qrafik element və ya hər hansı ticarət nişanı deyil:
“Onlar dövlətin müstəqilliyini, suverenliyini və milli kimliyini təmsil edən rəsmi rəmzlərdir. Buna görə də onlardan istifadə zamanı xüsusi ehtiram göstərilməlidir. Bu baxımdan, İlkin Həsəninin dövlət rəmzlərinin müxtəlif məişət əşyaları və kommersiya məhsulları üzərində nəzarətsiz istifadəsinə etiraz etməsini məntiqli yanaşma hesab edirəm. Xüsusilə birdəfəlik qablar, ayaqaltılar, sonradan tullantıya çevriləcək qablaşdırmalar və ya dövlət rəmzlərinin dəyərini aşağı salan digər məhsullar üzərində bu rəmzlərdən istifadə, təbii ki, doğru deyil”.
Digər tərəfdən, deputat deyib ki, bu o demək deyil ki, dövlət bayrağının və ya digər dövlət rəmzlərinin bütün kommersiya məqsədli istifadəsi qadağan edilməlidir:
“Dünyada kifayət qədər ölkə var ki, həmin ölkələrin bayraq təsvirlərindən suvenirlərdə, idman azarkeşlərinin geyimlərində, nişanlarda və müxtəlif xatirə məhsullarında istifadə olunur. Burada əsas məsələ, ilk növbədə istifadənin qanunvericiliyə uyğun olması, dövlət rəmzlərinin nüfuzuna hər hansı zərər vurulmaması, onların alçaldıcı, təhqiredici və ya hörmətsiz görünə biləcək formada təqdim edilməməsidir”.
Samir Vəliyev bildirib ki, dövlətin əsas atributları dövlət bayrağı, dövlət gerbi və dövlət himnidir:
“Onlar toxunulmaz əşya mənasında deyil, xüsusi hüquqi statusa və yüksək ictimai dəyərə malik dövlət rəmzləri kimi qorunur. Buna görə də onların kommersiya məqsədilə istifadəsi mümkün olsa da, bu istifadənin sərhədləri birmənalı şəkildə qanunvericilik və ictimai hörmət prinsipləri ilə müəyyən edilməlidir”.
Zaira Akifqızı
Mənbə: globalinfo.az