Moskvanın mərkəzində partlayış - Ölənlər və yaralananlar var

Moskvanın mərkəzində partlayış - Ölənlər və yaralananlar var

Rusiyanın paytaxtı Moskvada baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bu barədə Moskva polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin mərkəzində, Kudrinskaya meydanı yaxınlığında baş verib.

Partlayış saat 20:10 radələrində yay kafesinin yerləşdiyi ərazidə qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı yaxınlıqdakı obyektlərdən birində insanların olduğu bildirilib.

Məlumata əsasən, partlayışın “Balzi Rossi” italyan restoranında baş verdiyi ehtimal olunur. Bəzi mənbələr həmin vaxt restoranda özəl tədbirin, o cümlədən, toy mərasiminin keçirildiyini yazıb.

Hadisənin səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. İlkin versiyalar arasında qaz partlayışı ehtimalı da qeyd edilir.

Rusiya Səhiyyə Nazirliyi yaralılara tibbi yardım göstərildiyini bildirib.

Hadisə ilə əlaqədar Moskva şəhər rəhbərliyi təhlükəsizlik tədbirləri çərçivəsində həmin gün keçirilməsi planlaşdırılan gecə velosiped festivalını ləğv edib.

Mənbə: qafqazinfo.az