Pakistanın Kabal şəhərində polis məntəqəsi yaxınlığında törədilən terror aktı nəticəsində azı 7 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.
Bu barədə “Dawn” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, dəhşətli partlayış bilavasitə Kabal-Çouk meydanında terrorizmə qarşı keçirilən dinc mitinq yerinin yaxınlığında baş verib. Belə ki, terrorçu polis əməkdaşları onu məntəqənin girişində saxlayıb yoxlamaq istəyərkən üzərindəki partlayıcı qurğunu işə salıb. Hələlik hücumun məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, Pakistan Münaqişə və Təhlükəsizlik İnstitutunun məlumatına görə, iyul ayı ərzində Xeybər-Paxtunxva əyalətində terrorla bağlı 154 ölüm faktı qeydə alınıb ki, bu da iyun ayı ilə müqayisədə 105% çoxdur.
Mənbə: qafqazinfo.az