Çində tayfun təhlükəsi ilə 420 mindən çox insan təxliyə edilib

Çində tayfun təhlükəsi ilə 420 mindən çox insan təxliyə edilib

Çinin şərq bölgələrində güclü "Delfin" tayfununun yaxınlaşması ilə əlaqədar 420 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olaraq təhlükəsiz ərazilərə köçürülüb. Şanxayda isə sahilyanı rayonlardan 30 mindən çox insan təxliyə edilib.

Çin Meteorologiya İdarəsi avqustun 8-də tayfun kateqoriyasını dördüncü səviyyədən üçüncü səviyyəyə yüksəldib. Çində fövqəladə hallara reaksiya üzrə dördsəviyyəli sistem tətbiq olunur və birinci səviyyə ən yüksək hesab edilir.

Meteoroloqların məlumatına görə, küləyin sürəti saniyədə 40 metrdən çox olan "Delfin" tayfunu avqustun 9-dan 10-na keçən gecə dənizdən Çinin şərq sahillərinə çıxacaq.

Mənbə: oxu.az