Çinin Mərkəzi Meteorologiya Stansiyası "Dolfin" qasırğasının yaxınlaşması ilə əlaqədar ən yüksək - qırmızı səviyyəli xəbərdarlıq elan edib.
Bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Qurumun proqnozlarına əsasən, avqustun 9-u axşam saatlarında qasırğa ölkənin şərq sahillərinə - Çjeçzyan əyalətinin Sanmen şəhər qəzası ilə Fuçzyan əyalətinin Fudin şəhər qəzası arasındakı əraziyə çatacaq.
Qasırğa quruya çatdığı zaman küləyin sürətinin 38-45 m/s təşkil edəcəyi gözlənilir. Çjeçzyan əyaləti qasırğaya qarşı cavab tədbirlərinin səviyyəsini birinci, Fuçzyan əyaləti isə ikinci dərəcəyə qaldırıb.
Çində təbii fəlakətlərlə bağlı dörd xəbərdarlıq səviyyəsi mövcuddur - qırmızı (ən yüksək), narıncı (yüksək), sarı (artırılmış) və mavi (mülayim). Bu bölgüyə uyğun olaraq, hökumət dəymiş ziyanı minimuma endirmək, insan tələfatının qarşısını almaq və təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün zəruri həcmdə resurslar cəlb edir.
Çinin şərq regionlarının hökumətləri "Dolfin" qasırğasının yaxınlaşması ilə əlaqədar 420 mindən çox insanı təxliyə ediblər.
Mənbə: oxu.az