Bu barədə OSINT kanalına istinadən xəbər verilir.
İlkin məlumatlara əsasən, şəhər sakinləri dronların uçuşunu müşahidə edib və partlayış səsləri eşidiblər. Qısa müddət sonra internetdə hadisəni əks etdirən görüntülər yayılmağa başlayıb.
Tatarıstan rəhbərinin mətbuat xidməti isə öz növbəsində Nijnekamsk şəhərinə edilən kütləvi PUA hücumu nəticəsində insan itkisinin olduğunu bəyan edib.
"Nijnekamsk şəhərinə kütləvi hücum davam edir. Həm istehsalat, həm də mülki obyektlər hədəfə alınır. Təəssüf ki, həlak olanlar var", - deyə rəsmi açıqlamada qeyd olunub.
Bundan başqa məlumatda qeyd olunub ki, Nijnekamskda hadisə ilə əlaqədar olaraq regionda matəm elan edilib.
Qeyd edək ki, Nijnekamsk Rusiyanın ən mühüm neft emalı mərkəzlərindən biri hesab olunur. Bu ərazidə "TANEKO" və "TAIF-NK" kimi iki nəhəng neft emalı müəssisəsi fəaliyyət göstərir. Sözügedən zavodlar neftin və qaz kondensatının emalı üzrə ixtisaslaşıb.
Rusiyanın yanacaq-energetika infrastrukturunun əsas obyektləri sayılan bu müəssisələr daha əvvəllər də dəfələrlə dron hücumlarına məruz qalıb.
Mənbə: oxu.az