“İsraildəyəm” dedi, Albaniyadan foto paylaşdı – Kazım Abbasovun növbəti yalanı üzə çıxdı - FOTO

“İsraildəyəm” dedi, Albaniyadan foto paylaşdı – Kazım Abbasovun növbəti yalanı üzə çıxdı - FOTO

Özünü saxta “David Seliverstov” adı ilə təqdim edən Kazım Elşən oğlu Abbasov yeni status paylaşıb.

Yəhudi kimliyindən istifadə edərək ictimai-siyasi çevrələri, yəhudi təşkilatlarını, media nümayəndələrini və deputatları aldadan Kazım Abbasov ölkədən getdikdən sonra olduğu yer barədə də ziddiyyətli məlumatlar yayır.

O, bir neçə gün əvvəl sosial şəbəkədə İsrailə gəldiyini və buradan Azərbaycana investisiya cəlb etmək üçün görüşlər keçirəcəyini bildirmişdi. Yaxın çevrəsindəki şəxslərə isə hazırda İsveçrədə olduğunu deyib. Lakin son paylaşdığı foto onun nə İsraildə, nə də İsveçrədə olduğunu göstərir.

Kazım Abbasovun taxta şir heykəlinə söykənərək çəkdirdiyi foto Albaniyanın Vlore şəhərinin Lungomare–Uji i Ftohtë sahil zonasındandır. Saxta "David" taxta şiri qucaqlayaraq, bunları yazıb:

“Bazar günü istirahət günüdür. İnsan hansı şəraitdə olmasından asılı olmayaraq, həm istirahət etməyi bacarmalı, həm də başqalarının istirahət hüququna hörmətlə yanaşmalıdır.

Bu gün heç kəsin istirahətini pozmaq niyyətində deyiləm. Sabah isə yeni gündür… Bəzən həqiqəti söyləməyə ehtiyac qalmır, sadəcə, onun görünməsi üçün bir qədər gözləmək kifayətdir.

Ayın 20-də doğma Vətənimizdə görüşənədək!”

Musavat.com-un əldə etdiyi məlumata görə, Kazım Abbasov Azərbaycanı mövcud olmayan “David Seliverstov” adına deyil, öz həqiqi adına verilmiş ümumvətəndaş pasportu ilə tərk edib.

Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu ilə Albaniyaya vizasız səfər edə və 90 günədək bu ölkədə qala bilərlər. Monteneqroda da Azərbaycan vətəndaşları üçün 90 günədək vizasız rejim mövcuddur.

Redaksiyanın məlumatına görə, Kazım Abbasovun Azərbaycana qayıtması hazırda problemlidir. Buna görə onun ayın 20-də ölkəyə gələcəyi barədə açıqlaması da növbəti yalan ola bilər.

Beləliklə, “David Seliverstov” adı saxta, İsraildə olması barədə məlumat yalan, İsveçrə versiyası isə paylaşdığı foto ilə ziddiyyət təşkil edir. Son foto onun Albaniyanın Vlorë sahilində olduğunu üzə çıxarıb.

Mənbə: musavat.com