Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı AÇIQLAMA

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı


Rusiya Federasiyasının Kamçatka yarımadasında Tolbaçik vulkanına səyahət edən Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivetsin daxil olduğu müxtəlif ölkələrin vətəndaşlarından ibarət turist qrupunun əlverişsiz hava şəraiti nəticəsində çətin vəziyyətlə üzləşdiyi barədə məlumat daxil olan kimi, Rusiya Federasiyasındakı Səfirliyimiz və Yekaterinburqdakı Baş Konsulluğumuz tərəfindən yerli aidiyyəti qurumlarla əlaqə yaradılıb.

Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, Kamçatkada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri ilə əlaqə saxlanılıb və vəziyyətin operativ şəkildə öyrənilməsi və zəruri tədbirlərin əlaqələndirilməsi istiqamətində iş aparılır:
“Tatyana Dolivetsin sosial media hesabında yaydığı məlumata əsasən, turist qrupu Kamçatkanın Tolbaçik vulkanı istiqamətində səyahət edərkən onların hərəkət etdiyi yol güclü yağışlar və çayın məcrasından çıxması nəticəsində sel suları altında qalıb. Təxminən 30 kilometrlik yolun yuyulması səbəbindən qrupun geri qayıtması hazırda mümkün deyil.
Qeyd edək ki, hazırda Kamçatka diayırının aidiyyəti dövlət qurumları turist qrupu ilə peyk rabitəsi vasitəsilə əlaqə saxlayır və vəziyyət nəzarətə götürüb.
Son günlər bölgədə müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən turistlərin təxliyəsi məqsədilə hava nəqliyyatından, o cümlədən helikopterdən istifadə imkanları məhdudlaşıb.
Bununla belə, qrupla əlaqənin saxlanılması, onların vəziyyəti barədə mütəmadi məlumat əldə edilməsi və hava şəraiti imkan verən kimi təhlükəsiz ərazidən təxliyələrinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.
Azərbaycan Respublikasının Səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu məsələni diqqətdə saxlayır və Rusiya Federasiyasının aidiyyəti qurumları, habelə Kamçatkadakı Azərbaycan icması ilə əlaqələndirilmiş şəkildə vəziyyəti yaxından izləyir”

Mənbə: www.bakupost.az