Füzuli rayonunda bir fermerin istehsal etdiyi südün alış qiymətindən narazılığı sosial şəbəkələrdə gündəm olub.
Təsərrüfat sahibi Emin Həsənlinin sözlərinə görə, ondan 3 litr süd cəmi 45 qəpiyə alınır. Bu isə bir litr südün 15 qəpiyə satılması deməkdir. Fermer bildirib ki, belə aşağı qiymət heyvandarlıq təsərrüfatının xərclərini qarşılamağa imkan vermir.
Maraqlıdır, fermerlər südü niyə bu qədər aşağı qiymətə satmağa məcbur qalırlar və mövcud qiymətlər onların istehsal xərclərini qarşılamağa imkan verirmi?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, südün tez xarab olan məhsul olması fermerləri alıcılar qarşısında zəif mövqeyə salır:
"Burada görünən odur ki, fermer zəif mövqedədir. Süd elə bir məhsuldur ki, tez xarab olur və onu tez satmaq lazımdır. Saxlamaq üçün soyuducu anbar infrastrukturu yoxdur, mövcud anbarlardan istifadə isə fermer üçün baha başa gəlir. Bu da fermerləri çətin vəziyyətə salır. Məhsul tez xarab olur, saxlama imkanları isə məhduddur”.
İqtisadçı qeyd edib ki, süd tədarük edən və emal edən müəssisələrin sayı fermerlərlə müqayisədə daha az olduğundan, alıcılar bazarda daha güclü mövqedə olurlar:
"Baxanda görürük ki, emal müəssisələri, yəni alıcılar daha güclü mövqedədirlər. Alıcıların sayı azdır, fermerlərin sayı isə çoxdur. Belə olduqda süd tədarük edən və emal müəssisələri daha güclü mövqedə olurlar. Bu məsələ fermerlər tərəfindən planlaşdırılmalıdır”.
X.Kərimli süd istehsalçıları arasında kooperativlərin olmamasının da fermerlərin bazardakı mövqeyini zəiflətdiyini bildirib:
"Süd istehsalçılarının kooperativlərinin olmaması da onları çətin vəziyyətə salır. Mən bilirəm ki, 25-30 qəpiyə satanlar da var. Amma bu il 15 qəpiyə satmaq məcburiyyətində qalırlar. Bu vəziyyət çox çətindir”.
İqtisadçı südün alış qiymətinin müəyyənləşməsində məhsulun keyfiyyəti və tərkibi ilə bağlı standartların da nəzərə alındığını vurğulayıb:
"Bir də südün tərkibi ilə əlaqədar standartlar var və həmin standartlar da nəzərə alınmalıdır. Burada əsas sual budur ki, fermer niyə bu qədər ucuz qiymətə satmaq məcburiyyətində qalıb? Bəlkə də bir müddət ucuz satmaq əvəzinə, daha baha qiymətə sata biləcəyi yer axtarıb tapmalıdır”.
Ekspert əlavə edib ki, konkret olaraq 15 qəpiklik qiymətin fermerin xərclərini qarşılayıb-qarşılamadığını müəyyən etmək üçün onun xərc strukturunu bilmək lazımdır:
"Onun xərclərinin strukturu ilə bağlı məlumatım olmadan dəqiq bir şey deyə bilmərəm. Amma ehtimal etmək olar ki, 15 qəpiyə satmaq xərclərini qarşılamır. Son bir ildə xərclər əhəmiyyətli dərəcədə artıb. Daşıma və istehsal xərcləri yüksəlib. Yanacağın, benzinin qiymətinin bahalaşması da ölkədə bir çox xərclərin artmasına səbəb olub və fermeri çətin vəziyyətdə qoyub”.
X.Kərimli bildirib ki, problemin əsas səbəblərindən biri də fermerlərin məhsulu saxlamaq və daha əlverişli bazarlara çıxarmaq imkanlarının məhdud olmasıdır:
"Bu, həm fərdi fermerlərin ümumi çətinliyinin nəticəsidir, həm də infrastrukturun mövcud olmaması ilə bağlıdır. Məhsulu saxlayıb daha sonra sata bilsin. Bu məsələ də çox çətindir. Bakıya gətirib sata bilmir, çünki məsafə uzaqdır. Məhsulu Bakıya gətirib satmaq üçün əlavə xərclər yaranır. Maşını yoxdur ki, özü daşısın”.
Fəridə Əsədzadə
Mənbə: azxeber.com