Trampın malikanəsində insident: Qadın həbs edildi, iti vuruldu – FOTO

Trampın malikanəsində insident: Qadın həbs edildi, iti vuruldu – FOTO
ABŞ Prezidenti Donald Trampa məxsus Mar-a-Laqo iqamətgahında gözlənilməz insident baş verib. Gənc qadının qapalı əraziyə icazəsiz girmək cəhdi polis təqibi və atəşlə yekunlaşıb, nəticədə onun iti ölüb.

"Daily Mail" nəşrinə istinadən verilən məlumata görə, 29 yaşlı Aleksa Rey Şarf ABŞ Məxfi Xidmətinin nəzarət postunu icazəsiz keçməyə müvəffəq olub. Hüquq-mühafizə orqanlarından qaçan şübhəli şəxs bir neçə saatlıq axtarışlardan sonra saxlanılıb.

Boz rəngli "Hyundai" avtomobili idarə edən qadın əvvəlcə tennis klubunun parkinq ərazisinə daxil olub. O, maşından enərək su şlanqını götürüb və Məxfi Xidmət agentinə avtoyuma üçün gəldiyini deyib. Zabitlər ona dayanmaq əmri versələr də, o, avtomobilini asayiş keşikçilərinin üstünə sürüb. Polislər son anda xəsarət almaqdan xilas olublar.

Sonra Şarf avtomobili özəl malikanənin qapısına çırpıb və saxlanılan zaman maşından çıxmaqdan imtina edib. Asayiş keşikçiləri nəqliyyat vasitəsinin şüşəsini sındıraraq onu çölə çıxarıblar. Bu əsnada qadına məxsus pitbul cinsli it polis əməkdaşına hücum etdiyinə görə asayiş keşikçisi tərəfindən güllələnib. Şübhəli şəxsə polisə müqavimət və hücum maddələri ilə ittihamlar irəli sürülüb.

ABŞ Məxfi Xidməti məsələyə şərh verməkdən imtina edib.

Trampın malikanəsində insident: Qadın həbs edildi, iti vuruldu – FOTO

Mənbə: oxu.az