Davamlı yorğunluq bəzi xəstəliklərin əlaməti ola bilər - Həkimdən XƏBƏRDARLIQ

Davamlı yorğunluq bəzi xəstəliklərin əlaməti ola bilər - Həkimdən XƏBƏRDARLIQ

"Yaxşı gecə yuxusundan və ya həftəsonu istirahətindən sonra da aradan qalxmayan yorğunluq sağlamlıqla bağlı problemlərin göstəricisi ola bilər".

Bunu tanınmış həkim Əmir Xan deyib.

Mütəxəssisin sözlərinə görə, gündəlik işlərdən yaranan yorğunluqla "tibbi yorğunluq" arasında fərq mövcuddur. Fiziki və ya zehni fəaliyyətdən sonra bərpa olunmaq üçün sadəcə doyunca yatmaq və ya istirahət günlərində dincəlmək kifayət edir.

Lakin istirahət kömək etmirsə, bu vəziyyət böyük ehtimalla tibbi amillərlə bağlıdır. Həkimin fikrincə, belə səbəblərdən biri qanda dəmir çatışmazlığı ilə əlaqəli anemiyadır. Bu zaman orqanizmin hüceyrələri daha az oksigenlə təmin olunur ki, nəticədə fiziki aktivlik zamanı halsızlıq, başgicəllənmə və təngnəfəslik yaranır.

Həmçinin davamlı yorğunluq hissi D vitamini çatışmazlığı ilə də əlaqədar ola bilər.

"D vitamininin aşağı səviyyədə olması xroniki yorğunluğa, bədəndə ağrılara və əhvali-ruhiyyənin pozulmasına gətirib çıxarır", - deyə həkim vurğulayıb.

O bu vitaminin əlavə olaraq qəbul edilməsini məsləhət görüb.

Bundan əlavə, mütəxəssis qalxanabənzər vəzi problemlərini, depressiyanı və yuxu apnoesini (yuxuda tənəffüsün dayanması) də xroniki yorğunluğun mümkün səbəbləri sırasına daxil edib.

Mütəxəssis əlavə edib ki, bəzi hallarda kəskin çəki itkisi, gecə tərləmələri, eləcə də nəcisdə və ya sidikdə qanın olması ilə müşayiət edilən yorğunluq onkoloji xəstəliklərin əlaməti ola bilər. Belə hallarda mütəxəssis mütləq həkimə müraciət etməyi tövsiyə edib.

Mənbə: oxu.az