Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Hökm oxundu

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Hökm oxundu

Ötən ilin martında Şabran rayonunun Ağalıq kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəzaya səbəb olan traktor sürücüsü 1964-cü il təvəllüdlü Qüdrət Məlikova hökm oxunub.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs sürücülük hüququ olmadan traktorla Gəndob-Yalama yoluna çıxıb. Bu zaman qaydaları pozub və əsas yolda hərəkət edən nəqliyyat vasitəsinə yol verməyib. Nəticədə, “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı “VAZ”da olan sərnişinlərdən - 1992-ci il təvəllüdlü Aslanova Gülmirə Rəşid qızı hadisə yerindəcə həyatını itirib. Onun övladı, eləcə də Şabran rayon sakinləri - 1995-ci il təvəllüdlü Cəfərova Nərminə İbrahim qızı, 2010-cu il təvəllüdlü Nuray Bayram qızı Əliyeva, 2021-ci il təvəllüdlü A.M. və 2018-ci il təvəllüdlü A.Z. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bildirilib ki, hadisə günü G.Aslanova övladı, bacısı qızı və digər tanışları ilə birlikdə kənd məktəbində Novruz bayramı şənliyində iştirak ediblər. Onlar kənddən evə qayıdarkən dəhşətli hadisə ilə üzləşiblər.

Məhkəmədə mərhumun həyat yoldaşı qəzaya səbəb olan traktor sürücüsündən şikayətçi olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Qüdrət Məlikov Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib. Ona 6 il həbs cəzası verilib.

İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca qandallanıb.

Aslan Vəliyev

Mənbə: qafqazinfo.az