Dünyanın xəritəsində hər kəsin görə biləcəyi, amma hər kəsin gedə bilməyəcəyi yerlər var. Bəzi ərazilərin qapısı turistlər üçün sadəcə bağlı deyil – ora daxil olmaq üçün dövlət qurumlarının xüsusi icazəsi, elmi əsaslandırma və ya əvvəlcədən razılaşdırılmış səfər proqramı tələb olunur. Elə məkanlar da var ki, insan ayağının ora dəyməməsi üçün illərdir ciddi qaydalar tətbiq edilir.
Maraqlıdır, niyə bəzi yerlər insanlara bu qədər “qapalıdır”?
Şimal Sentinel adası: burada əsas məsələ turistin deyil, adanın sakinlərinin təhlükəsizliyidir.
Hindistanın Andaman və Nikobar adaları qrupunda yerləşən Şimal Sentinel adası dünyanın ən sirli məkanlarından biri hesab olunur. Burada xarici dünya ilə çox məhdud əlaqəsi olan Sentinel qəbiləsi yaşayır.
Hindistan hökuməti adaya girişə ciddi qadağa qoyub. Səbəb yalnız əraziyə nəzarət deyil. Sentinel xalqının xarici xəstəliklərə qarşı immunitetinin zəif ola biləcəyi və kənardan gələn insanlarla təmasın onlar üçün ciddi təhlükə yarada biləcəyi nəzərə alınır. Rəsmi sənədlərdə qəbilənin ərazisinə kənar şəxslərin girişinin qadağan edildiyi və adanın hava və dəniz vasitəsilə müşahidə olunduğu bildirilir.
Yəni burada “icazə alıb gedim” yanaşması belə keçərli deyil. Əsas prinsip adanın sakinlərini xarici müdaxilədən qorumaqdır.
Surtsey: təbiətin öz laboratoriyası
İslandiyanın sahillərində yerləşən Surtsey adası isə sanki təbiətin canlı laboratoriyasıdır. Ada 1960-cı illərdə vulkan püskürməsi nəticəsində yaranıb. Elm adamları onun necə formalaşdığını və həyatın tamamilə yeni yaranmış torpaqda necə məskunlaşdığını müşahidə etmək istəyiblər. Buna görə də insan müdaxiləsi minimuma endirilib.
Bu gün turistlərin adaya çıxması qadağandır. Yalnız xüsusi icazə alan şəxslər daxil ola bilər. İslandiyanın Ətraf Mühit Agentliyi bildirir ki, bu məhdudiyyət əsasən insan tərəfindən yeni orqanizmlərin adaya gətirilməsinin qarşısını almaq və adanın təbii inkişafını qorumaq üçün tətbiq edilir.
UNESCO da Surtsey-də girişin ciddi şəkildə məhdudlaşdırılmasının məqsədini bitki və heyvanların kolonizasiyasının, bioloji inkişafın və geoloji proseslərin mümkün qədər təbii şəkildə davam etməsini təmin etmək kimi izah edir. Başqa sözlə, burada insanın olmaması məhz elmi təcrübənin bir hissəsidir.
Antarktida: qitəyə getmək olar, amma hər yerinə yox
Antarktida ilk baxışda dünyanın ən əlçatmaz yerlərindən biri kimi görünür. Amma maraqlıdır ki, ora turist səfərləri mümkündür. Bununla belə, Antarktidada da “istədiyin yerə get” prinsipi yoxdur. Antarktika Müqaviləsi sistemi və ətraf mühitin qorunmasına dair qaydalar çərçivəsində bəzi ərazilər xüsusi mühafizə olunur. Antarktikanın xüsusi qorunan ərazilərinə icazəsiz daxil olmaq qadağandır. Belə ərazilərə yalnız müvafiq icazə ilə giriş mümkündür.
Bəzi ölkələr öz vətəndaşları və təşkilatlarının Antarktidaya səfərləri üçün əvvəlcədən ekoloji razılıq da tələb edir. Məsələn, Avstraliyanın qaydalarına əsasən, müəyyən ekspedisiyalar üçün ekoloji qiymətləndirmə və icazə prosesi həyata keçirilir.
Böyük Britaniyanın rəsmi qaydalarında da Antarktidaya müəyyən səfərlər üçün icazə tələb olunduğu, təşkil edilmiş turist səfərlərində isə bu məsələnin adətən tur operatoru tərəfindən həll edildiyi qeyd olunur.
Deməli, Antarktidaya getmək mümkündür, amma orada harada gəzmək, haraya enmək və hansı fəaliyyətləri həyata keçirmək ciddi şəkildə tənzimlənir.
Çernobıl: “qapalı şəhər” artıq tamamilə əlçatmaz deyil
Çernobıl da uzun müddət insanların təsəvvüründə tamamilə qapalı və sirli ərazi kimi qalıb.
1986-cı il nüvə qəzasından sonra yaradılan Çernobıl Təcrid Zonasında giriş xüsusi qaydalarla tənzimlənir. Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasının rəsmi məlumatına əsasən, səfər üçün əvvəlcədən yazılı müraciət edilməli, şəxsin adı, vətəndaşlığı, pasport məlumatları, səfərin məqsədi, tarixləri və gediləcək marşrut göstərilməlidir. Müraciət səfərdən ən azı 10 iş günü əvvəl təqdim olunmalıdır. Səfər proqramı razılaşdırıldıqdan sonra əraziyə giriş üçün əsas yaranır. Lakin təhlükəli hava şəraiti, yanğın təhlükəsi, müəyyən işlərin aparılması və digər səbəblər səfərin rədd edilməsinə gətirib çıxara bilər.
Yəni Çernobıl “turist getdi, qapını açdılar” tipli məkan deyil. Burada hər səfərin əvvəlcədən planlaşdırılması və nəzarətdə saxlanılması tələb olunur.
Lascaux mağarası: insanlardan qorumaq üçün insanlara bağlandı
Fransadakı Lascaux mağarası isə daha fərqli hekayəyə malikdir. Mağaranın daxilində təxminən 18-20 min il əvvələ aid olduğu düşünülən mağara rəsmləri qorunub. Lakin mağara ictimaiyyət üçün açıldıqdan sonra insan nəfəsi, temperatur, rütubət və mikroorqanizmlərin yaratdığı dəyişikliklər qədim təsvirlərin qorunması baxımından ciddi problemə çevrilib. Nəticədə orijinal mağara 1963-cü ildən etibarən ziyarətçilər üçün bağlanıb. Bu gün turistlər əsl Lascaux mağarasına deyil, onun yüksək dəqiqliklə hazırlanmış replikalarına baxa bilirlər. Fransanın Mədəniyyət Nazirliyinin məlumatına görə, orijinal mağaraya yalnız mühafizə və konservasiya işləri ilə məşğul olan məhdud sayda səlahiyyətli tədqiqatçı daxil ola bilir.
Beləliklə, tarixdə insan tərəfindən kəşf edilən bir yer sonradan məhz insanlardan qorunmağa başlayıb.
Bəs bu qadağaların ortaq səbəbi nədir?
İlk baxışda bu məkanların bir-birindən heç bir fərqi yoxdur: biri okeanın ortasında ada, digəri vulkanik ərazi, biri radioaktiv zona, digəri isə qədim mağaradır.
Amma hamısının ortaq bir xüsusiyyəti var: insanın müdaxiləsi həmin məkan üçün geri dönməz nəticə yarada bilər. Bəzən söhbət insan həyatından gedir. Şimal Sentinel adasında xarici təmas yerli icma üçün xəstəlik və mədəni müdaxilə təhlükəsi yarada bilər. Bəzən söhbət təbiətdən gedir. Surtsey kimi ərazilərdə bir insanın ayaqqabısının altındakı toxum belə illərlə davam edən təbii prosesi dəyişdirə bilər.
Bəzən isə tarix qorunur. Lascaux mağarasanda insanların kütləvi şəkildə iştirakı minilliklər boyu qorunmuş rəsmlərin gələcəyini təhlükəyə ata bilər.
Antarktidada isə həm təbiət, həm də elmi fəaliyyət qorunur. Çernobılda isə təhlükəsizlik və radiasiya riskləri əsas amillərdəndir.
Dünyanın bəzi yerlərində “giriş qadağandır” yazısı əslində nə deməkdir?
Maraqlıdır ki, belə qadağalar həmişə “bu yeri heç kim görə bilməz” mənasına gəlmir. Əksinə, bəzən ən yaxşı qoruma üsulu insan sayını azaltmaqdır. Müasir turizm dünyaya daha çox insanın səyahət etməsinə imkan verir. Amma bütün yerlər milyonlarla insanın ayaq izinə hazır deyil. Bəzi məkanların dəyəri onların nə qədər çox insan tərəfindən görüldüyündə deyil, nə qədər uzun müddət toxunulmaz qala bilməsindədir.
Bəlkə də dünyanın ən maraqlı yerlərinin bir hissəsi məhz buna görə xəritədə var, amma turist marşrutunda yoxdur. Çünki bəzən bir yeri qorumağın ən yaxşı yolu ona qapı açmaq deyil, həmin qapının niyə bağlı olduğunu başa düşməkdir.
Sevinc Yarməmmədova
Mənbə: patrulaz.az