Birləşmiş Millətlər Təşkilatı (BMT) Sakit okeanda sürətlə güclənən “El-Nino” hadisəsi ilə bağlı ciddi xəbərdarlıq edib.
Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, “El-Nino"nun ən azı 2027-ci ilin fevralına qədər davam edəcəyi gözlənilir.
Hazırda Sakit okeanın tropik hissəsində dəniz səthinin temperaturu mövsümi normadan 2 dərəcə yüksəkdir. Okeanın bəzi bölgələrində isə səthin altındakı temperatur normadan 8 dərəcə yüksək ölçülüb.
BMT-nin baş katibi Antonio Quterreş dünyanın ekstremal hava şəraiti baxımından təhlükə zonasına daxil olduğunu bildirib. Onun sözlərinə görə, planet “kəşf edilməmiş sulara” daxil olub və bu sular getdikcə daha da isinməkdədir.
“El-Nino” bəzi bölgələrdə quraqlıq və meşə yanğınları riskini artırarkən, digər ərazilərdə güclü yağışlara, daşqınlara və daha şiddətli tayfunlara səbəb ola bilər. İqlim dəyişikliyinin də bu təsirləri daha da ağırlaşdıra biləcəyi qeyd olunub.
Xəbərdarlıq edilib ki, 1950-ci ildən bəri qeydə alınmış ən güclü "El-Nino" hadisəsinin baş verməsi gözlənilir.
Müəllif: Roza
Mənbə: publika.az