Ailəsi dəfninə hazırlaşırdı, sağ xilas edildi - Video

Ailəsi dəfninə hazırlaşırdı, sağ xilas edildi - Video

Nepal-Çin sərhədində baş verən dağıdıcı daşqın və torpaq sürüşmələrindən 10 gün sonra iki nəfər sağ xilas edilib. Onlardan biri su elektrik stansiyasının tunelində qalan Çin vətəndaşı Lu Haitao, digəri isə ailəsinin öldüyünü düşünərək dəfn hazırlıqlarına başladığı 60 yaşlı nepallı Çandika Şresthadır.

Lu Haitao Trişuli çayındakı su elektrik stansiyalarından birinin tunelində qalıb.

Nepal Baş Nazirinin Ofisinin məlumatına görə, o, Nepal ordusu və Cənubi Koreyadan olan xilasetmə qrupunun birgə səyi nəticəsində xilas edilib. Bölgədə Hindistan və Çindən olan ekspert qrupları da xilasetmə əməliyyatlarına cəlb olunub.

Haitao xilas edildikdən sonra Çin dövlət televiziyası CCTV-yə açıqlamasında tuneldə olarkən xilasetmə qruplarının işıqlarını hər dəfə görəndə kömək üçün qışqırdığını deyib.

Nepalın Nuvakot bölgəsində 60 yaşlı Çandika Şrestha dördmərtəbəli binanın yuxarı mərtəbəsində sağ tapılıb. Yerli məmurun sözlərinə görə, günlərlə ondan xəbər ala bilməyən ailəsi onun öldüyünü düşünərək dəfn hazırlıqlarına başlayıb.

Şrestha Nepal ordusu tərəfindən ərazidən təxliyə edilib.

Xilasetmə qruplarının əsas diqqəti yüzlərlə işçinin qaldığı ehtimal edilən su elektrik stansiyalarının tunellərinə yönəldilib. Nepal ordusunun məlumatına görə, təxminən 900 stansiya işçisi hələ də itkin hesab olunur. Onların təxminən üçdə ikisi Yuxarı Trişuli-1 Su Elektrik Stansiyasında işləyir.

Bundan bir gün əvvəl Trişuli 3A Su Elektrik Stansiyasının tunelində qalan iki işçi fəlakətdən doqquz gün sonra xilas edilmişdi.

CNN-in Nepal və Çin hakimiyyət orqanlarının məlumatlarına əsasən verdiyi xəbərə görə, daşqınlar nəticəsində ölənlərin sayı 1375-ə çatıb, 5000-dən çox insan isə hələ də itkindir.

Mənbə: qafqazinfo.az