Braziliyada adam oğurluğu cəhdi: 15 yaşlı qız necə xilas oldu? - VIDEO

Braziliyada adam oğurluğu cəhdi: 15 yaşlı qız necə xilas oldu? - VIDEO
Braziliyada məktəbli qız onu qaçırmaq istəyən naməlum şəxsdən xilas olmağı bacarıb. Hadisənin görüntüləri kameralara düşüb.
Bu barədə "Need To Know" nəşri məlumat yayıb.

Hadisə sentyabrın 4-də axşam saatlarında Rio-de-Janeyro şəhərinin kənarında qeydə alınıb. 15 yaşlı yeniyetmə məktəbdən evə qayıdarkən onun yanında bir avtomobil dayanıb. Sürücü silahlı olduğunu bildirərək qızın mobil telefonunu əlindən alıb və ona maşına əyləşməyi əmr edib. Bir müddət sonra gənc braziliyalı qız cinayətkarın başının qarışmasından istifadə edərək hərəkətdə olan nəqliyyat vasitəsindən özünü çölə atıb və yaxınlıqdakı yaşayış binasına tərəf qaçıb.

Qızın atasının verdiyi məlumata əsasən, yeniyetmə yerə yıxılarkən başını asfalta vurub və dizindən yüngül xəsarətlər alsa da, ümumi vəziyyəti qənaətbəxşdir. Naməlum şəxs yalnız zərərçəkmişin məktəb çantasını oğurlaya bilib. Hüquq-mühafizə orqanları hələlik şübhəlinin kimliyini müəyyənləşdirə bilməyib. İstintaqçılar cinayətkarın yeniyetməyə qarşı cinsi zorakılıq planlaşdırdığını güman edirlər.

Mənbə: oxu.az