İran və Ermənistan Norduz-Meğri “yaşıl” gömrük dəhlizi yaradacaq

İran və Ermənistan Norduz-Meğri “yaşıl” gömrük dəhlizi yaradacaq

İran və Ermənistan Norduz-Meğri “yaşıl” gömrük dəhlizi yaradacaq.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edilib ki, sentyabrın 12-də İranın iqtisadiyyat nazirinin müavini və Gömrük Xidmətinin rəhbəri Fərrud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan Culfada görüşüb. Görüşün yekununda tərəflər İran Gömrük Xidməti ilə Ermənistan Dövlət Gəlirləri Komitəsi arasında gömrük əməkdaşlığının genişləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi haqqında protokolu imzalayıblar.

Tərəflər gömrük əməkdaşlığının davam etdirilməsinin və inkişaf etdirilməsinin, eləcə də bunun ticarətin və sərhədyanı hərəkətin asanlaşdırılmasındakı rolunun vacibliyini vurğulayıblar. Onlar həmçinin İran-Ermənistan sərhədində sadələşdirilmiş “yaşıl” gömrük dəhlizinin tətbiq edilməsi barədə razılığa gəlib, bu barədə protokolu imzalayıblar. Norduz-Meğri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş gömrük dəhlizinin yaradılması gömrük prosedurlarının tamamlanmasını sürətləndirməli və yüklərin gözləmə müddətini azaltmalıdır.

Digər razılaşma yüklər sərhədə çatmazdan əvvəl onlar barədə elektron məlumat mübadiləsinin (Pre-Arrival) gücləndirilməsi ilə bağlı olub. Bu, yük avtomobillərinin ölkəyə girişində inzibati prosedurların həcmini azaltmağa imkan verəcək. Tərəflər həmçinin sənədlərin yoxlanılmasını sadələşdirmək və kağız sənədləri elektron sənədlərlə əvəz etmək barədə razılığa gəliblər.

Sənəd danışıqlar zamanı iki ölkənin gömrük xidmətlərinin rəhbərləri tərəfindən imzalanıb. Bununla yanaşı, onun praktiki tətbiqi üçün konkret tələblər və prosedurlar ekspertlər tərəfindən əlavə olaraq razılaşdırılacaq.

Tərəflər həmçinin səlahiyyətli iqtisadi operatorların (AEO) statusunun qarşılıqlı tanınması haqqında sənədi müzakirə edib və təsdiqləyiblər. Belə status gömrük xidmətlərinin müəyyən etdiyi tələblərə cavab verən seçilmiş şirkətlərə verilir.

Bundan əlavə, tərəflər Norduz-Meğri sərhəd-keçid məntəqəsindən birgə istifadə haqqında sazişin müddətini 10 il uzatmaq, gömrük məlumatlarının elektron mübadiləsini (EDI) təmin etmək, həmçinin bir kommersiya hesab-fakturası əsasında yük daşıyan yük avtomobillərini birləşdirmək barədə razılığa gəliblər.

Mənbə: apa.az