İranda casusluqda və İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hüseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib.
İran mətbuatına istinadən xəbər verilir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.
İranın məhkəmə hakimiyyətinin məlumatına görə, Paderan “Mossad”a məxfi hərbi məlumatları ötürmək ittihamı ilə saxlanılıb. Onun hərbi obyektlər, əməkdaşlar barədə məlumatlar və onların bəzi fərdi məlumatlarını toplayaraq öz kuratoruna ötürdüyü iddia olunur.
Məlumata görə, Paderan həmçinin ötürdüyü məlumatların müqabilində avro ilə pul vəsaiti alıb. Məhkəmə bildirib ki, onun evində raket mövzusunda “tam məxfi” qrifli materialların olduğu qeyd dəftərçəsi, şifrələnmiş məlumat daşıyıcıları, rabitə vasitələri, eləcə də foto və video avadanlıqları aşkar edilib.
Mənbə: qafqazinfo.az