Sosial şəbəkələrdə Mehdi Müseyib oğlu Mehdiyev adlı şəxslə bağlı dələduzluq iddiaları irəli sürülüb.
İddialara görə, Mehdi Mehdiyev uzun müddətdir müxtəlif tədbirlərə, o cümlədən konsertlərə və Formula yarışlarına saxta biletlər sataraq insanları aldadır.
Zərərçəkənlərdən biri olduğunu bildirən Rəvan Bəşirovun sözlərinə görə, o da illər əvvəl Mehdi Mehdiyevlə bağlı maliyyə problemi yaşayıb və nəticədə 1600 ABŞ dolları məbləğində pul itirib.
R. Bəşirov iddia edib ki, Mehdi Mehdiyev təxminən 12 ildir müxtəlif şəxsləri aldadaraq onlara maddi zərər vurur.
Digər zərərçəkən Elvira İmanova da Mehdi Mehdiyev tərəfindən aldadıldığını iddia edib.
O, açıqlamasında bildirib ki, özü və bir neçə dostu sentyabrın 17-də Valeri Meladzenin konsertinə bilet almaq üçün Mehdi Mehdiyev adlı şəxslə əlaqə saxlayıb:
“Sosial şəbəkədə konsert və tədbirlərə biletlərin satıldığı qrupda Mehdi Mehdiyev adlı şəxsin Valeri Meladzenin konsertinə biletlər satdığını gördüm. Profili saxta profil təsiri bağışlamırdı, paylaşımları var idi. Buna görə ona inanaraq, ümumi məbləği 520 manat olan 5 bilet aldıq.
O, biletləri PDF formatında e-mail vasitəsilə göndərdi. Biz də ödəniş etdik və qəbzləri hələ də saxlayırıq. Sentyabrın 17-də konsertə daxil olmaq istəyəndə bizə bildirildi ki, biletlər saxtadır.
Hətta qeyd etdilər ki, həmin seriya nömrələri ilə olan biletlər 6-7 il əvvəl satılıb. Amma bununla belə Mehdi Mehdiyev sosial şəbəkədə bilet satışını davam etdirirdi”.
Elvira İmanovanın sözlərinə görə, bundan sonra onlar məsələ ilə bağlı biletlərin satıldığı qrupa məlumat veriblər. Mehdi Mehdiyev pulun geri qaytarılacağını vəd etsə də, sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb.
Şikayətçi həmçinin bildirib ki, Mehdi Mehdiyev tərəfindən aldadıldığını sosial şəbəkələrdə paylaşdıqdan sonra aldadılan başqa şəxslər də onunla əlaqə saxlayıblar:
“Aldadılan şəxslər deyirdilər ki, Mehdi Mehdiyev illərdir belə əməllərlə məşğuldur. Hətta o, biletləri satdıqdan sonra yazışmalardakı mesajları silib və hər şəxsə fərqli bank kartlarının nömrələrini göndərib”.
Elvira İmanova Mehdi Mehdiyev tərəfindən aldadılan digər zərərçəkənlərlə birgə hüquq mühafizə orqanlarına müraciət edəcəklərini də vurğulayıb.
Zərərçəkənlərin iddiaları ilə bağlı Mehdi Mehdiyevlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmayıb.
Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlamışıq.
Məsələni diqqətdə saxlayacağıq.




Mənbə: bizim.media