Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ölkənin İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi ilə birlikdə İnquşetiya, Başqırdıstan və Tatarıstanda Rusiya-Çeçensitan müharibəsində səhrə komandirləri olmuş Şamil Basayev və Əmir Xəttabın dəstəsinin daha üç üzvünü saxlayıb.
Bu barədə adıçəkilən qurumlar məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən fəaliyyətlər nəticəsində onların 1999-cu ilin oktyabrında Şelkovski rayonunun Çervlennaya kəndi yaxınlığında Rusiya Müdafiə Nazirliyinin hərbçilərinə və 2000-ci ilin martında Çeçenistan Respublikasının Vedenski rayonunun Djani-Vedeno kəndi yaxınlığında Perm vilayəti üzrə Baş Daxili İşlər İdarəsinin Xüsusi Təyinatlı Dəstəsinin zabitlərinə qarşı Ş.Basayev və Ə.Xəttabın dəstələrinin tərkibində hücumlarda iştirak etdiklərinə dair təkzibolunmaz dəlil bazası formalaşdırılıb. Bu hücumlarda 58 hərbçi və hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 130 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volkun sözlərinə görə, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 1965-ci ilə təvəllüdlü Şamil Basayev Birinci və İkinci Çeçenistan müharibəsində iştirak edib. O, 10 iyul 2006-cı ildə gecə İnquşetiyada keçirilən xüsusi əməliyyat zamanı beş nəfər döyüşçü yoldaşı ilə birgə öldürülüb.
Səudiyyə Ərəbistanında anadan olmuş 1969-cu il təvəllüdlü Samir Saleh as-Suveyləm (Əmir Xəttab) 1995-ci ildə 8 döyüşçü yoldaşı ilə birlikdə Əfqanıstandan Çeçenistana gəlib. O, İkinci çeçen müharibəsində iştirak edəb və əsas komandirlərdən biri olub.
Əmir Xəttab 20 mart 2002-ci ildə zəhərli məktub vasitəsi ilə öldürülüb.
Mürtəza
Mənbə: olke.az