İsrail hökuməti sentyabrın 30-da "Flydubai" təyyarəsində baş verən insidentin səbəbkarı olduğu bildirilən ikinci pilotla bağlı yeni məlumat açıqlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu "Fox News"a müsahibəsində ikinci pilotun "radikal ideologiyanın təsirinə" məruz qaldığını və intihara meyilli vəziyyətdə olduğunu bildirib.
Netanyahu pilotun təyyarəni qəzaya uğratmaq niyyətində ola biləcəyini deyib. Onun sözlərinə görə, bu qənaət şübhəlinin şəxsi məlumatlarının araşdırılması əsasında formalaşıb.
İsrail xüsusi xidmət orqanlarının ilkin qənaətinə əsasən, insidentin səbəbkarının hər hansı təşkilat və ya qrupla əlaqəsi olmayıb. Onun hadisə zamanı təkbaşına hərəkət etdiyi ehtimal edilir.
Qeyd edək ki, sentyabrın 30-da "Flydubai" aviaşirkətinə məxsus təyyarə uçuş zamanı əvvəlcə qəza siqnalı, daha sonra isə mümkün qaçırılma hallarında istifadə olunan xüsusi kod göndərib.
Məlumata görə, uçuş heyəti arasında yaranan münaqişə zamanı pilotlardan biri digərinə soyuq silahla xəsarət yetirib. Ardınca təyyarə kəskin şəkildə hündürlüyünü azaldaraq istiqamətini dəyişib.
Layner Səudiyyə Ərəbistanında təhlükəsiz şəkildə yerə enib. Lakin hadisə nəticəsində təyyarənin quyruq hissəsinə ziyan dəyib. Hər iki pilot insidentdən sonra xəstəxanaya yerləşdirilib.
Müəllif: Nərmin Mahmudova
Mənbə: news.milli.az