Qarabağdakı keçmiş qondarma rejimlə əlaqəli iki erməni musiqi kollektivinin festivalda iştirakı ləğv edilib. Separatçıların açıqlamalarına görə, qərarın arxasında bir neçə ölkənin diplomatik nümayəndəliyinin müdaxiləsi dayanır.
Hadisə noyabrın 27–30-da Vyanada keçirilməsi nəzərdə tutulan XVI Beynəlxalq Milad Xor Festivalı – Vienna Christmas Voices ilə bağlıdır. Festivalın təşkilatçısı Dünya Festivallar Assosiasiyası (WOFA) məhv olmuş qondarma Qarabağ rejiminin Milli Musiqi Alətləri Dövlət Orkestrinin və “Biz və bizim dağlar” geydirmə Dövlət Mahnı və Rəqs Ansamblının iştirakını ləğv edib.
Hadisənin ən diqqətçəkən tərəfi odur ki, erməni kollektivləri festivala əvvəlcədən "rəsmi" dəvət alıblar və təxminən üç ay ərzində xüsusi proqram hazırlayıblar. Lakin tədbirə bir aydan bir qədər artıq vaxt qalmış onların Vyanaya səfər planı pozulub.
Oktyabrın 21-də təşkilatçılar erməni tərəfinə iştirakın ləğv edildiyini bildiriblər. Bundan sonra məhv olmuş qondarma “Artsax Mədəniyyətinin Qorunması Mərkəzi” adlı təşkilatın rəhbəri Apres Markaryan WOFA prezidenti Zoran Strezovski ilə yazışmalara başlayıb.
Yazışmalar zamanı məlum olub ki, festival təşkilatçılarına diplomatik kanallarla etirazlar daxil olub. Strezovskinin bildirdiyinə görə, səfirlikdən göndərilən məktubda erməni kollektivləri təhlükəli adlandırılıb və onların festivaldan uzaqlaşdırılması təklif edilib.
Oktyabrın 23-də isə qalmaqalın daha ciddi təfərrüatları ortaya çıxıb. WOFA prezidentinin erməni təşkilatına verdiyi məlumata əsasən, məsələyə bir deyil, bir neçə səfirlik müdaxilə edib. Həmin diplomatik nümayəndəliklərin kollektivləri separatçı fəaliyyətlə əlaqələndirdiyi bildirilib.
Ermənilər səfirliklərin adlarının açıqlanmasını tələb edirlər
Qərardan sonra məhv olmuş qondarma “Artsax Mədəniyyətinin Qorunması Mərkəzi” WOFA rəhbərliyindən diplomatik müdaxilənin arxasında duran ölkələrin adlarını və separatçılıq ittihamının faktiki əsaslarını təqdim etməyi tələb edib. Lakin səfirliklərin hansı ölkələri təmsil etdiyi hələ rəsmən açıqlanmayıb.
"Təşkilat" iddia edir ki, kollektivlər yalnız dırnaqarası milli musiqi və rəqs ənənələrini təbliğ etməklə məşğuldurlar. Onlar 2025-ci ildə İtaliyada CIOFF beynəlxalq festival proqramlarında iştirak etdiklərini və "mükafat" aldıqlarını bildiriblər.
Məsələ Ermənistan Xarici İşlər Nazirliyinin və beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqətinə çatdırılıb.
Qarabağdakı keçmiş qondarma rejimin “İctimai Şurası” da qalmaqala qoşulub. "Qurum" bəyanatında festival təşkilatçılarının qərarını "demokratik dəyərlər"dən geri çəkilmənin "narahatedici" göstəricisi adlandırıb.
Mənasız bəyanatda hıyasızcasına iştirakın ləğvinə yenidən baxılması və irəli sürülmüş ittihamların əsaslandırılması "tələb" olunur.
Məhv olmuş keçmiş qondarma qurumun nümayəndələri Ermənistan və Avstriya xarici işlər nazirliklərinə, UNESCO-ya, BMT-yə, Avropa Şurasına, ATƏT-ə və Avstriyanın müvafiq dövlət orqanlarına müraciət etmək niyyətində olduqlarını bildiriblər.
Qalmaqalın yeni mərhələsi oktyabrın 24-də başlayıb.
Həmin gün məhv olmuş qondarma “Artsax Mədəniyyətinin Qorunması Mərkəzi” Dünya Festivallar Assosiasiyasının (WOFA) "rəsmi" məktubunu ictimaiyyətə təqdim edib. Sənəddə bəzi ölkələrin diplomatik nümayəndəliklərinin erməni kollektivlərinin Vyanadakı festivalda iştirakına etiraz etməsi və erməni təşkilatının separatçı fəaliyyətlə əlaqələndirilməsi məsələsi yer alıb.
Qalmaqal o həddə çatıb ki, WOFA prezidenti Zoran Strezovski erməni təşkilatının rəhbəri ilə şəxsi yazışmasında onlara “dəstək” əlaməti olaraq bütün festivalın ləğvini təklif etməyə hazır olduğunu bildirib.
Oktyabrın 24-də WOFA-nın təşkilat komitəsi məsələ ilə əlaqədar təcili iclas keçirib. İclasın yekun qərarı hələ ictimaiyyətə açıqlanmayıb.
Bir daha xatırladırıq ki, məhv olmuş keçmiş qondarma rejim artıq tarixin zibilxanasına atılıb. Otuz il Azərbaycan torpaqlarını işğal edən, talan edən, Azərbaycan xalqının qanına bais olan qondarma rejimin tör-töküntülərinin bu gün mədəniyyət adı altında, musiqi adı altında, rəqs ansamblı adı altında beynəlxalq tədbirlərdə təmsil olunması Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı birbaşa cinayətdir.
Bu cür beynəlxalq təşkilatlar məsələnin həssaslığını nəzərə almalı, hansı qurumları və hansı adlar altında fəaliyyət göstərən kollektivləri tədbirlərinə dəvət etdiklərini dərindən araşdırmalıdırlar. Ona görə də həmin kollektivlərin Vyana festivalında iştirakının ləğvi doğru qərardır.
Çünki həmin separatçı, revanşist ermənilər Azərbaycan torpaqlarında yaşadılar, bunun qədrini bilmədilər. Azərbaycana qarşı ağır cinayətlər törətdilər. Xocalı soyqırımı kimi dəhşətli faciənin təşkilatçısı və iştirakçısı oldular. Azərbaycan xalqına qarşı törədilən qətliamların, şəhər və kəndlərimizin dağıdılmasının, tarixi və mədəni irsimizin məhv edilməsinin məsuliyyəti unudula bilməz.
İndi isə həmin qondarma rejimin adını mədəniyyət, musiqi və rəqs pərdəsi altında xarici ölkələrdə yenidən gündəmə gətirmək cəhdləri göstərilir. Bu cür qondarma adlar altında hansısa beynəlxalq tədbirdə təmsil olunmaq Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi təxribatdır.
Azərbaycan 2020-ci ilin noyabrında Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində işğal altındakı torpaqlarını azad etdi. 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Bundan sonra Qarabağdakı qondarma separatçı qurum özünü buraxdığını elan etdi.
İndi belə bir sual ortaya çıxır: Azərbaycanın suveren ərazisində mövcud olmuş və artıq məhv edilmiş qondarma rejimin adı altında xaricdə hansısa kollektivin təmsil olunmasına necə yol verilə bilər? Bu, ölünü diriltməyə çalışmaq kimi bir şeydir.
Üstəlik, WOFA prezidenti Zoran Strezovski erməni tərəfinə guya “dəstək” göstərmək üçün bütün festivalın ləğvini təklif etməyə hazır olduğunu bildirir.
Sən nəyi ləğv edəcəksən?
Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən sonra həmin qondarma qurum özü özünü buraxmağa məcbur oldu. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Artıq mövcud olmayan separatçı rejimin adını beynəlxalq mədəniyyət tədbirlərində yaşatmağa çalışmaq nə tarixi reallığı, nə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişə bilər.
Ona görə də beynəlxalq festivalların təşkilatçıları bu məsələyə son dərəcə ciddi yanaşmalı, mədəniyyət adı altında məhv olmuş separatçı qurumların təbliğinə imkan verməməlidirlər.
Mənbə: musavat.com