Qızlarının ölümündə “ChatGPT”ni günahlandırdılar - Dərmanlarını azaldıb

Qızlarının ölümündə “ChatGPT”ni günahlandırdılar -

ABŞ-də Qun Van və Meiqin Xu cütlüyü bu ilin fevralında qızları Bouen Vanın ölümü ilə bağlı “ChatGPT” çat-botunun yaradıcısı “OpenAI” şirkətini məhkəməyə verib.

Xarici mediaya istinadən xəbər verilir ki, onlar sözügedən çat-botun epilepsiyadan əziyyət çəkən qızlarına yanlış tibbi məsləhətlər verdiyini iddia ediblər.

Onların sözlərinə görə, Bouen Van “ChatGPT”dən epilepsiya ilə bağlı qəbul etdiyi dərmanlara dair məsləhətlər soruşub.

Bildirilib ki, süni intellekt çat-botu 31 yaşlı Boueni dərman qəbulu ilə bağlı yanlış yönləndirib, o, məsələ ilə bağlı narahatlığını bildirdikdə isə “ChatGPT” buna məhəl qoymamağı tövsiyə edib.

“The New York Times” qəzetinin hadisəyə dair araşdırmasına görə, Bouen Van dozanın azaldılması ilə bağlı narahatlığını ən azı 158 dəfə dilə gətirib.

Şikayət ərizəsində qeyd olunur ki, bu ilin yanvarında “ChatGPT” Bouen üçün onun sabit qaydada qəbul etdiyi 400 milliqramlıq lamotrijin dərmanının dozasını 25 gün ərzində sıfıra qədər endirən gündəlik cədvəl tərtib edib.

Məlumata görə, 14 yaşından epilepsiyadan əziyyət çəkən Bouen Van dərmanın son dozasını fevralın 10-u qəbul edib. Çat-botun tərtib etdiyi cədvəldə isə fevralın 12-si dərmanı tamamilə dayandıracağı gün kimi müəyyən edilib və o, məhz həmin gün vəfat edib.

Həkimlər onun ölümünün epilepsiyaya bağlı qəfil ölüm olaraq qeydə alıb.

Sözügedən məsələ ABŞ-də süni intellekt çat-botlarının tibbi məsləhətlər verməsinə dair narahatlıqları yenidən gündəmə gətirib.

Mənbə: qafqazinfo.az