Somalili piratlar (dəniz quldurları) göyərtəsində 23 nəfərin olduğu İranın “Azini” balıqçı gəmisini ələ keçiriblər.
Bu barədə “Associated Press” (AP) Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadla məlumat yayıb.
Gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun sahil şəhərləri arasında ələ keçirilib. Puntland muxtar regionunun dəniz polisindəki mənbənin məlumatına görə, gəmidə 21 İran vətəndaşı və iki somalili mühafizəçi olub. Hücumda 12 quldur iştirak edib. Ekipaj üzvlərinin vəziyyəti barədə hələlik məlumat yoxdur.
MSCIO xəbərdarlıq edib ki, ələ keçirilən gəmidən ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə oluna bilər. Avropa İttifaqının “Atalanta” dəniz əməliyyatı insidentlə bağlı araşdırmaya başlayıb və regiondakı gəmiləri sayıqlığı qorumağa, şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.
Hüseyn İbadlı
Mənbə: publika.az